.


Şuşa fatehi, Zəfərin oğlu – Şəhid, DQ, XTD Baş Çavuşu Səid Zəfər oğlu Cəfərova həsr olunur.

Mən Şəhid olub tarixdə yaşamaq istəyirəm...

8-ci sinif şagirdi Səid Cəfərov.
Mən döyüşçüyəm, göydə ay görünsə belə siz məni görməzsiniz.
Döyüşçü Səid Cəfərov.
Əgər bu gün torpaqlar işğaldan azad edilməsə, gələcək körpələr bizə nifrət edəcəklər!
Qisas Günündən 1 gün əvvəl Səid Cəfərov.
Mən əlayam...
Son sözünü söyləyib şəhidlik Zirvəsinin Fatehi olan Səid Cəfərov.
Bu günə qədər çox dastanlar eşitmişik... O dastanlar bizim həyatımızın mənasına çevrilib, bizim məqsədimiz, məramımız, həyat amalımız, ən böyük arzumuz olub. Bir dastan bir millətin dirilişinə, dirçəlişinə zəmin yaradıb. Bir dastanı oxuya-oxuya böyüyən artıq neçənci şəhid, neçənci qazi nəsli yetişib. Mən bu məqaləni yazdığım tarixdən 33 il əvvəl bir dastan yazılmışdı. Əli və Bəxtiyar dastanı... (22 fevral 1988-ci ildə DQMV-də ermənilərin Qarabağ ərazisinin Azərbaycan SSR-nin tərkibindən çıxarılıb Ermənistan SSR-nin tərkibinə birləşməsi barədə qəbul etdikləri qərara etiraz əlaməti olaraq azərbaycanlıların keçirdikləri dinc etiraz yürüşü zamanı Əsgəran rayonunda erməni quldurları tərəfindən qətlə yetirilən ilk şəhidlərimiz- Ağdam rayon sakinləri Hacıyev Əli Kamal oğlu və Quliyev Bəxtiyar Zahid oğlu). Ondan 2 il sonra yenə bir dastan yazıldı. Elə haqqında danışacağım dastan yazanlarımızdan biri də həmin dastanı tamam-kamal oxuyub bilənlərdən olub və o dastan bu qəhrəmanımıza ilham, güc-qüvvət verib. 1990-cı ilin 20 Yanvar azadlıq, müstəqillik dastanı, qəsbkarlara, imperialistlərə, qəddarlığa, zülmə baş əyməmək, etiraz etmək, köləlik buxovlarını qırmaq dastanı...!
Baxın, Azərbaycanımız neçə-neçə belə dastanlara malik bir ölkədir. Onun hər qarışında tarixli bir dastan, hər zərrəsində unudulmaz, heç vaxt yaddan çıxmaz dastanlı ulu bir tarix yatır. Mannadan üzü bəri olan dövlətçilik tariximizdə vətənimizin minlərlə xaini olubsa da, həmin xainlərin hamısını məhv edən, başını əfi ilan başı kimi əzən on minlərlə vətən fədailəri, qəhrəmanımız olub. Tariximiz dastanlarımızla doludur, dastanlarımız da tariximizlə: Tomrisin dastanı, Atropatenanın dastanı, Cavanşirin, Babəkin, Koroğlunun, Qaçaq Nəbinin, Böyük Vətən müharibəsində faşizm üzərində qalib olan həmyerlilərimizin, eləcə də Birinci Qarabağ savaşında erməni faşizminə qarşı mərdliklə döyüşən igidlərimizin mübarizə dastanı... Diqqət etmisinizsə, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlib ulu Cavanşirin, Babəkin, digər qəhrəmanlarımızın cənnət qonşusu olan neçə-neçə Cavanşirlərimiz, Babəklərimiz var... Onlar tamamilə dastan olan və dastanları ilə bərabər müasir tariximizi qanları ilə yazan şəxsiyyətlərdir, yazdıqları tarix ilə əbədi olaraq yaşayan insanlardır, ruhən Qarabağ səmalarında, cismən sazımızda, sözümüzdə, qanımızda, canımızda, dastanlarımızda, şeirlərimizdə, bəstələrimizdə, musiqilərimizdə, ağılarımızda, bayatılarımızda, filmlərimizdə, tariximizdə ... Bizim onları yaşatmaq üçün sərf etdiyimiz hər əməkdə, etdiyimiz hər əməldə, hər anımızda, ürəyimizi hərəkət etdirən udduğumuz nəfəsimizdə yaşayanlarımızdır...
Hazırda haqqında yazacağım, öz qanı ilə qəhrəmanlıq dastanını özü yazmış, sağlığında dastanına, şəhadətindən sonra tabutuna, məzarına sığmayan Qəhrəmanımızdır... Oxuduğu, məqsədi, amalı bildiyi dastanlarımızdan güc alaraq, şəhidlərimiz üçün düşməndən öc alaraq Şəhidlik Zirvəsinə ucalan və həm Şuşanın, həm də Şəhidlik Zirvəsinin Qəhrəmanı olan bir Qəhrəman... Sözün əsl mənasında həm Zəfərli Vətənin və həm də həqiqətən Zəfərin oğlu olan bir Qəhrəman... Bu Qəhrəman Vətən müharibəmizin yenilməz igidlərindən biri olan Şəhid Səid Zəfər oğlu Cəfərovdur...

Şəhid baş çavuş Səid Cəfərov 4 fevral 1993-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Onun qisas qığılcımını şölələnən alov edən, onu əsl Səid edən bir milləti parçalamağa sürükləyən, xainlərini çoxaldan, Vətəni oğullarından ayrı qoyan o müharibə bitəndə Səidin 1 yaşı var idi. 1 yaş... Səidin yaşadığı ilk birillikdə çox şeylər oldu, çox hadisələr baş verdi... Azərbaycan yenə itirə-itirə getdi, Təxt-i-Nadir sahibinin külləri göyə sovrulmaqda davam etdi, sonradan öz yurdunu igidliklə azad edib şəhidlik zirvəsinə yüksələn oğullar öz yurdundan hələ körpə olarkən ayrıldı... Murovdağda gələcəkdə general olmaqdan çox, bizim qisas alovumuz olan şəhid Polad Həşimov və neçə-neçə oğullar Qarabağ müharibəsinin minlərlə igid Vətən oğullarımızın canını alan qanlı-qadalı döyüşünə şahid oldu... Bu 1 ilin sonunda canımızdan can alan, qanımızdan qan alan o müharibə müvəqqəti olaraq bitdi, bu illərdə Azərbaycan ədalətsiz müharibənin məğlub ölkəsi kimi tarixdə qaldı, yaddaşlara hopdu. Neçə-neçə uluların ruhu öz dədə-baba torpağında qəriblikdə, qürbətdə qaldı. Aşıq Ələsgər hələ buna qədər öz vətənində qərib idi, dünyaya göz açdığı, ilk ayaq üstə durub addım atdığı doğma Vətən torpağı onun üçün qürbətə çevrilmişdi... Neçə-neçə bəy-igidlərin, rəiyyətin, işğalçı yüksək çinli zabitlərə qan udduran qaçaqların, onların qeyrətli xanımlarının, saz-söz adamlarının, döyüşdən-döyüşə atılanlarla məclisdən-məclisə quş kimi uçanların, papağının çəkisi sözü ağırlıqda olan ağsaqqalların, sifəti nurlu, ağzı dualı ağbirçəklərin ruhu sonradan qürbətə çevrilən Vətəndə narahat olaraq qaldı...
Səid 1999-cu ildə İlqar Səfərov adına Mürsəqulu kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Həvəslə, cəld, inamlı addımlarla hər gün daxil olduğu sinif otağı onun gələcək arzularının həyata keçirilməsi üçün bir mənbə idi. Bu mənbədən qaynaqlanaraq o, təhsilin, elmin sirlərinə yiyələnir, elmin bütün sahələrini həvəslə öyrənir, lakin tarix fənninə daha çox vaxt ayırırdı. Hələ kiçik yaşlarından Vətəninə bağlı olan, özünü Vətənindən ayrı hiss etməyən, ən çox sevdiyi sözlərdən biri və birincisi “Vətən” olan Səid hər tarix dərsi olanda çox sevinirdi. Tarix müəlliminin tarix xəzinəmizdən çıxarıb dediyi sözlər, kəlmələr Səid üçün tarix dərsindən çox, həyat dərsinə çevrilirdi. Təsadüfi deyildi ki, Səid mənfur düşmənə qarşı köksündə baş qaldıran qisas qığılcımını məktəb illərində şölələndirmiş, şölələnib-kükrəyib ətrafa yayılacaq bir alova çevirmişdi.
Hər tarix dərsində Azərbaycanın Eldənizlər, Səfəvilər, Əfşarlar kimi dastanlarını oxuyan, dərindən qavrayan, həyat dərsi hesab edən, mənliyinin, özünün, öz kökünün dərsi hesab edən Səid getdikcə tarixdə baş verən haqsızlıqlara görə özünü narahat hiss etməyə başlayırdı. Çünki tarix dərsinin səhifələrində illər ötür, dövlətlər dəyişir, bəziləri isə ədalətsizliyə, xainliyə, satqınlığa tab gətirə bilməyib səhifədən silinirdi. Əfşarlar dövlətinin xaincəsinə dağılmasından sonra Azərbaycanda ən dəhşətli dövr, xanlıqlara parçalanma dövrü başlandı. Əfşarlar Azərbaycanın fəthdən fəthə atılan son dövləti oldu. Bu cümləni oxumaq və ya eşitmək Səidə dünya boyda bir dərd, bir əzab idi. Necə yəni, keçmişi ilə silinməz mərdlik, qəhrəmanlıq salnaməsi yazan qüdrətli Azərbaycan indi ədalətsizlik, haqsızlıq qarşısında məğlubdur?.. Vətənində qaçqınlıq həyatı yaşayanlar isə bunun əyani sübutu idilər. Onlar yorğun, dağ boyda əzab-əziyyətlərdən, neçə-neçə terrorlardan, soyqırımlardan çıxan, Allahdan qisas istəyən baxışları ilə bunu deyirdilər. 1988-ci ilin bu günü, yəni 22 fevralı verdiyimiz 2 Şəhiddən başlayan bu qanlı-qadalı yol ilə bağlı yazılmış, özlərini ədalətli kimi göstərib ədalətdən xəbəri olmayanlara və haqsızlıqlara qarşı yazılmış bu kitabın səhifəsini belə açmayaraq kənara atanlara qarşı Səiddə hələ o vaxtlardan hiddət yaranırdı. Haqsızlıqlara qarşı olan bu kitabın hər səhifəsi ona 500-600 səhifədən çox yazılmış bir roman kimi gəlirdi. Bu kitabın oxunması tarixin özü kimi əziyyətli, əzablı, çətin idi. Əzablı yollardan keçən Azərbaycanın vəhşət dolu, dəhşət dolu tarixini oxuyurdu Səid. Bu kitabın hər sətrini oxuyanda qəzəbdən, hiddətdən onun kiçicik əli tarım sıxılmış yumruğa çevrilirdi. Günlərlə oxumağa, oxuduqlarını həzm etməyə çalışırdı, lakin bacara bilmirdi. Əzab çəkirdi. Elə bil içində inləyən, haqsızlığın qurbanı olmuş neçə qoca, qadın, cavan, uşaq harayı var idi. İçini sakitləşdirə bilmirdi. İçində bir yanğı var idi. Oxuduğu hər sətirdə bu yanğı daha da çoxalır, yayılırdı. Damardakı qanlarla birlikdə axırdı bu yanğı. Səid gözü açıq yatırdı, yatsa da, yuxusuna ancaq Xocalıda qətlə yetirilən uşaqlar, qadınlar, ağsaqqal-ağbirçəklər gəlir, onlar hayqırmağa başlayırdılar: “Böyü Səid, böyü, qisasımızı al! Böyü, qisasımızı al! Sənə güvənirik, sənə inanırıq! Bizi yanıldıb küllərimizi yenidən yandırma! Qisasımızı al, ruhumuzu dirçəlt, şad elə, Səid!”
Bu yanğı həmin vaxtlardan Səidin ürəyinə-qəlbinə çata bilmişdi. Həmin vaxtlar Səid 8-ci sinifdə oxuyurdu. O vaxtlarda Səid artıq mənliyi ilə, öz-özlüyündə dərk edəcəkdi ki, tale yolları haradan başlayıb haraya kimi davam edəcək. Bu qədər yanğılı hadisələr onun sinəsini dağlayırdı. Ürəyi paramparça idi Səidin. Duyğuları bir-birinə qarışmışdı. Hətta, Qarabağsız ötən hər gününü matəmdəki kimi hesab edirdi O. Səid gələcəyə inamla baxırdı. İnanırdı ki, arzuladığı, arzusunda olduğu elə bir gün gələcək ki, iztirablarına, acılarına son qoyulacaq, qəlbi, ürəyi, içi, duyğuları rahatlıq tapacaq. Səidin həyatı o gün, dünyası isə illər sonra dəyişəcəkdi. O gün elə bir gün olacaqdı ki, Səid o gündən sonra qarşısına məqsəd qoymasaydı, bu günlərə qədər gələ bilməyəcəkdi. O gün Səidin əsl Səid olduğu gün olacaqdı. Həmin gün Səid özünü Vətəni kimi hiss edəcəkdi, hər gün etdiyi kimi. Və bundan sonra sadəcə, bir amalı olacaqdı – Düşməndən qisas almaq, Qisas, Qisas, Qisas! Bu amal Səidi sonda həm Qəhrəman, həm də dastan edəcəkdi... O gün onun dünyasını dəyişdirəcəkdisə də, arzusunu ürəyində, ruhunda, canında, mənliyində qoymayacaqdı qalsın...
8-ci sinif şagirdi Səid Cəfərovun tarix dərsi idi. Təxmin etmişdi ki, müəllimə yenə də Azərbaycanın faciələrlə, soyqırımlarla, müsibətlərlə dolu bir tarixini yana-yana, həm də yandıra-yandıra danışacaq. Bu dərsi dinləmək Səid üçün ən ağır əzab-əziyyətə bərabər idi. Səid günlərlə özünü sıxıb bu dərsi oxuyurdu, bir gözü sətirlərdə, o biri gözü şəkillərdə olurdu. Şəkillərdə 20 Yanvar qurbanlarının tanklar altında necə qalması əks olunurdu. Şəkillərdə vəhşət var idi... İnsanın ürəyi parçalanır, gözləri qan ağlayırdı. Səid bunları ilk dəfə oxumurdu... Ancaq ürəyində, canında həmişə hiss etdiyi o yanğı hər dəfə daha güclü olurdu. Bu qanlı-qadalı tarixi oxuya-oxuya, öyrənə-öyrənə, oxuduqca, öyrəndikcə alovlana-alovlana Səid artıq yeniyetmə yaşına çatmışdı. O, ibtidai sinfi təzəcə bitirmirdi, indi onun yaşında Cəmşid Naxçıvanski adına hərbi liseydə tələbələr var idi... Hərbi lisey... Səidin fikrində bu söz heç vaxt bu qədər əks-səda doğurmamışdı...
Müəllimə müsibəti heç vaxt bu qədər dolğun anlatmamışdı, elə bil onun içində də yanğı böyük idi:
Uşaqlar, 20 Yanvar bizim Ümumxalq Hüzn Günümüzdür. 16 il bundan əvvəl o vaxt haqqında hamının dastanlar qoşduğu, gerçəkləri gizlətdiyi qaniçən qızıl ordu bütün qayda-qanunları pozaraq, özlərindən qayda-qanun çıxararaq Bakıya hücum etdilər. Bu hücum Bakının işğalına bərabər bir hücum idi. Azərbaycanı müstəqil edib qaniçənlərdən ayırmaq istəyən soydaşlarımızın, azadlıq, haqq tələb edən insanlarımızın vəhşicəsinə qətli idi. Bu hücum bizim səsimizi boğmaq, bizi dünya durduqca susdurmaq və bu qaniçən rejimi sonsuza qədər saxlamaq məqsədilə edilmişdi. Nəticədə, 20 Yanvar günü neçə-neçə soydaşlarımız qətlə yetirildi, onların arasında təbii ki, uşaqlar da var idi. Sizdən yaşca kiçik olan, elə kiçik də şəhid olan məktəblilər. Əgər onlar yaşasaydılar, siz onların ən kiçiciyinə əmi-dayı, xala-bibi deyə müraciət edərdiniz. Hələ 20 Yanvarda qanunsuz, kütləvi həbslər də oldu. Haqq-ədalət carçılarını, azadlıq hayqıran çoxlu günahsız soydaşlarımızı həbs etdilər. Onların içərisində Xəlil Rza Ulutürk də var idi. Hələ bu, harasıdır, təkcə, Bakıdamı qırğınlar oldu? – Müəllim 20 Yanvarın törədildiyi yerlərdən birində doğulan Səidin əlini qaldırdığını gördü. – Səid nəsə sözün var? Buyur, oğlum.
Səid içindəkiləri tamamilə boşaltmağa başladı:
Müəllimə, mən Neftçalada anadan olmuşam. Bildiyiniz kimi, Neftçala da dəniz sahili şəhərlərimizdən biridir. Qızıl ordunun məqsədi o idi ki, dəniz sahili şəhərlərimizə də hücum etsin. Valideynlərimdən eşitdiyimə görə, qızıl ordu Neftçalaya da hücum edib, orada qırğınlar olub, Şəhidlər vermişik... Eşitdiyimə görə, Lənkəranda da eyni hadisələr baş verib.
Halal olsun Səidə. Çox düzgün vurğuladı. Oğlum, Sən dərsi əzbərləmiş kimi danışdın. Bəli, Neftçala, Lənkəran, Bakı. Uşaqlar, Sizcə təsadüfdürmü bu şəhərlərin hamısının Xəzərin sahilində yerləşməsi?
Uşaqlar bir ağızdan “Deyil” dedilər.
Görün, necə azğın düşmənlərimiz olub və hələ də var. 20 Yanvardan sonra da Qarabağ müharibəsi başladı. Minlərlə igid oğullarımız müharibədə şəhid oldu. Nəticədə, həm igid oğullarımızı itirdik, həm də 20 faiz torpağımızı. Qarabağımızı itirdik. İndi Qarabağda düşmən istədiyini edir. Sizin kimi oğullara isə Qarabağı, Qarabağın Şəhidlərini hər an ürəklərdə, qəlblərdə anmaq düşür, Vətən torpaqlarını azad etmək arzusu ilə böyümək, oxumaq, öyrənmək, hazırlaşmaq düşür. Bunları etdikdən sonra inanın ki, hamımızın istədiyi o gün yaxınlaşacaq, Qarabağı işğaldan azad edəcəyik. Şəxsən mən inanıram ki, bunlar mütləq olacaq, uşaqlar.
Təsirlənən Səid bu sözləri dedi:
Müəllimə, mən istəyərəm ki, həmin müharibənin öndərlərindən olum, mənim yaşıdlarım da mənim kimi olsun. Qarabağımızı biz azad edək, düşmənlərimizdən şəhidlərimizin qisasını biz alaq, şəxsən mən bu yolda şəhid olmaq istəyirəm.
O nə sözdür, Səid? Heç birinizə ölüm qismət olmasın.
Səid öz içində fikirləşirdi: “Şəhidlik ölümdür ki?”
Müəllimə, 20 Yanvar Şəhidlərinin hamısına neçə-neçə dastanlar, hekayələr, şeirlər, poemalar yazıblar. Onları bir an da unutmayıblar. Vətən onları unutmayıb. Ancaq onlar Şəhid olmasaydılar, sadəcə vəfat etsəydilər, onlar tez unudulardılar. Təkcə ailələri, yaxınları yada salıb, xatırlayardı. Mən də unudulmaz olmaq istəyirəm, istəyirəm ki, bu yolda mənim də öz dastanım olsun...
Müəllimə bu sözlərin qarşısında heç nə deyə bilmədi. Elə bundan sonra da zəng çalındı, tarix dərsi bitdi. Son dərs tarix dərsi olduğundan uşaqlar müəllimə ilə xudahafizləşib sinif otağından çıxdılar.
Səidi bir fikir düşündürürdü, onu içdən narahat edirdi... Müəllimənin dedikləri bir daha Səidə pis təsir edirdi, ancaq bu dəfə daha çox... O, təsəvvür edirdi ki, indi onun gəzdiyi hər yolda, izdə şəhidlərin qan izi var. 20 Yanvarda Neftçalanın nə qədər əziyyətlər çəkməsi barədə düşünəndə pis olurdu. Ürəyi parça-parça olurdu. O, düşünürdü ki, bundan sonra nə edə bilər... Çox düşünürdü, özünü düşündürürdü. Bacısı ilə məktəbdən qayıdanda Səid birdən gözlənilmədən ona dedi:
Bacı, mən Vətən uğrunda Şəhid olmaq istəyirəm...
Bacısı mat-məəttəl qaldı. Səiddən heç vaxt belə bir cümləni eşitməmişdi. Ona görə də Səiddən bir az incidi:
O nə sözdür danışırsan? Şəhid olmaq asandır? Bəs biz, bəs anan, bəs atan? Bu haqda düşünmədən necə bu sözü deyə bilirsən?
Mən çox düşünmüşəm, bacı... Günlərlə düşünmüşəm... Dərs oxuyanda da, eyni fikirlər beynimi silkələyib. Baxdığım hər vəhşət doğuran şəkilə, Xocalı müsibəti ilə bağlı olan şəkillərə seyrçi qala bilmirəm. İçimdə boşluq hiss edirəm. Onlar üçün nə edə bilərəm axı, onu düşünürəm... Yaşım da buna əl vermir... Fikirləşirəm ki, onların ruhunun rahatlıq tapması üçün ancaq Şəhid olub onlara qovuşaram. Uşaqlardan eşitdiklərim də heç yalan deyil. Mənim yaşımdakı uşaqlar indi Cəmşid Naxçıvanski adına hərbi lisey deyilən məktəbdə oxuyurlar. Mən də hərbçi olmaq istəyirəm... Hərbçi olub bütün Şəhidlərin qisasını alıb özüm də Şəhid olmaq istəyirəm... 20 Yanvarın da qisasını almaq istəyirəm... İnsan öləndə sadəcə ailəsi, dost bildikləri, sevdikləri tərəfindən yada düşür... Onda, bilinir ki, o, ölüb. Ancaq Şəhid adını qazanan heç bir kəs ölə bilməz, ölmür, xatirələrdə əbədi yaşayır... Mən də əbədi olmaq, əbədi yaşamaq istəyirəm, bacı, incimə...
Səidin sözlərini daxilində heç də həzm edə bilməyən və ondan sonra ömrü boyu Səiddən narahat qalan bacısı indi Səidin yoxluğuna dözə bilməsə də, qürur duyaraq söyləyir: “Qardaşım 8-ci sinifdə oxuyanda bizim məktəbin sinifləri az olduğu üçün tarix dərsində qardaşımın oxuduğu sinif ilə birləşdik, həmin dərsdə o, 20 Yanvar şəhidləri haqqında danışırdı, qardaşım orada belə bir cümlə dedi: Mən Şəhid olub tarixdə qalmaq istəyirəm. Təbii, mən orada onun söylədiklərinə bir az aqressiv reaksiya verdim. Qardaşım isə mənə bildirdi ki, insan bu dünyada əbədi yaşamır, mən Şəhid olub tarixdə yaşamaq istəyirəm, düşünürəm ki, qardaşım bunları sadəcə cümlə olaraq deməyib, bu gün o isbat etdi ki, bu onun real arzusu imiş...”
Həmin illər Səid daha da cuşa gələrək min ümidlərlə, arzularla sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verir. Ancaq qəbul ola bilmir. Qara fikirlilər Səidin bununla yıxıldığını düşünsə də, Səid ümidini itirmir. Vaxt gələr deyərək Səid orta təhsilini davam etdirir. 2010-cu ilə qədər dözür, həmin il artıq ümidlərini dirçəldərək və bir o qədər sevincini də artıraraq məktəbi bitirir. Bundan sonra, Səid bilirdi ki, müqəddəs arzusuna qədəm-qədəm yaxınlaşır. Çünki bundan sonra Səid onu ülvi arzularına, amalına, məqsəd-məramına yaxınlaşdıracaq olan hərbi xidmətə, kişilik məktəbinə yollanacaqdı. Artıq bilirdi ki, O, əsgərdir, bundan sonra istəsə, yenidən hərbi xidmətdə qalar. Səid artıq düşünürdü ki, bununla ömrünün sonuna qədər, yəni Şəhid olacağı günə qədər hərbçi olaraq yaşayacaq, çarpışacaq.
25 aprel 2011-ci ildə Səid dualarla yola salınır və hərbi xidmətə başlayır. 16 oktyabr 2012-ci ildə hərbi xidmətlərdə döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə fərqlənmə ilə xidmətini başa vurur. Bir neçə aylıq müddətdə Səid hərb sənətindən ayrılmalı olur. Bu müddət ərzində Səid gələcək həyatının, yaşam planının necə olacağına daha çox vaxt ayırır. Lakin gələcək həyatı Səid üçün çoxdan, hələ orta məktəb illərindən bəlli idi, O, öz yolunu elə həmin vaxtlardan seçmişdi, yenidən öz sevimli yerinə, orduya qayıdacaqdı, qayıtmalıydı. Ancaq, necə?
Səid mülki həyat tərzinə alışa, uyğunlaşa bilmədi, daha doğrusu uyğunlaşmaq istəmədi. Səid asudəçiliyə, mülki həyata çox da dözə bilmədi, ona görə də yenidən ordu sıralarına qayıtmağa qərar verdi. Bu məqsədlə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının MAHHXHQ əsgəri olaraq 2013-cü ilin 11 iyulunda Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirməyə başladı. Səid bundan əvvəlki əsgərlik həyatını dastanının ön sözü kimi içindəki kitabda qələmə almışdı, yenidən orduya qayıtmaq isə bu dastanın başlanğıcı idi. Bundan sonra, Səid həyatında tək amalını fikirləşəcəkdi – düşməndən qisas almaq amalını... Tərxis olunduqdan sonra bunun, bu gün üçün bir neçə ay güclə dözmüşdü və yenidən ordu sıralarına qayıtmışdı, bundan sonra da dözəcəkdi Səid, o gün gələnə qədər dözəcəkdi... Həmin günə qədər özünü əsl vətənpərvər döyüşçü olaraq yetişdirəcəkdi, hərb sənətinin sirrlərinə daha da dərindən yiyələnəcəkdi. Tək məqsədi, amalı üçün qartal kimi səmada cövl edəcək, məqamı gəldikdə yağı üzərinə şığıyacaqdı... Əzəldən bir qəhrəman olaraq böyüyən Səid bundan sonra yeni Qəhrəmanlıq Dastanını yazmağa başlayacaqdı...
Əvvəl Gəncədə xidmətdə olan Səid bir il sonra Qazaxda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirməyə başlayır. Səid nailiyyətlərini daha da artırmaq üçün 2017-ci ilin aprelində Bakıya gəlir və burada xidmətini davam etdirir. Ailəsi bunu Səidin uğurlarından biri hesab edirdi. Səid isə bu uğuru ən böyük uğura yaxınlaşdıran bir şərait kimi bilirdi.

2019-cu ilin sentyabr-oktyabr aylarında hərb sənətinin sirlərini tamam-kamal bilmək, təcrübələrini artırmaq və gələcəkdəki qisas savaşlarına hazırlanmaq üçün Səid Cəfərov əzəldən bizə qardaş olan ölkəyə - Türkiyəyə göndərilir. Türkiyənin paytaxtı, qəlbi Ankara şəhərində Jandarma Komando Özəl Asayiş Komutanlığında “JÖAK” təməl kursunda təkmilləşmə kurslarına başlayır. Bu kursda hərbçilərə taktiki atış, terrorçularla mübarizə hərəkatı, xüsusi əməliyyat və sairləri öyrədilirdi. Səid burada həm verilən təlimləri dəqiqliklə öyrənir, həm də qardaş Türkiyənin gözəlliyini seyr edərkən özünü qürbətçilikdəki kimi hiss etmirdi. Elə bilirdi ki, doğma Azərbaycandakı hərbi hissələrdən birindədir. Burada tək də deyildi. İlk gündən ətrafındakı türk qardaşlara isinişmişdi, bir-birlərini qardaş bilirdilər. Səid burada olmaqdan zövq alır, burada olmağın ona verdiyi fürsəti dəyərləndirir, daha da həvəslə öyrənir, çalışırdı. Təlimlərdə Səid özünü qisas anlarına daha da yaxınlaşırmış kimi hiss edirdi. Burada özünü daha çox hərbçi kimi hiss edirdi. Səidə sevə-sevə daşıdığı hərbi forma da çox yaraşırdı. Bu formada Səid özünü əsl Səid kimi hiss edirdi. Deməli, Səidin alın yazısı bu idi. Döyüş, düşmənlə cəng etmək, onlardan gecikmiş qisası artıqlaması ilə almaq, onları torpaqlarımızdan iti qovan kimi İti Qovanla qovmaq hər bir Vətən oğlu kimi Səid Zəfər oğlunun da adına, taleyinə, qismətinə, bəxtinə qızıl hərflərlə yazılmışdı.
Komandirinin nəzərində Səid nizam-intizamlı, işini, xidmətini sevən, normativləri dəqiq yerinə yetirən xüsusi təyinatlı dəstənin hərbçisi kimi qalmaqda idi. Təməl kursların sonunda xidmətdə fərqləndiyinə görə Səid Cəfərov Türk Silahlı Qüvvələrinin generalı Ali İnsan Ersoy tərəfindən Fəxri fərmanla təltif olunur. Beləcə, Daxili Qoşunların xüsusi təyinatlısı Səid Cəfərov düşməndən qisas almaq üçün daxilində böyüyən ümidləri daha da artıraraq, sabaha inamla baxaraq, Türkiyədəki unudulmaz anları bir daha yadına salaraq Ata Vətənindən Ana Vətəninə qayıdır.
Bundan sonra artıq kurslardan, təlimlərdən keçmiş, döyüşlərə atılmağa tam hazır olan hərbçi kimi Səid Cəfərova bircə səbirsizliklə gözlədiyi o əmrin verilməsi anını dözümlə gözləmək qalırdı... O müqəddəs günü gözləmək... İlk günlərdə Səid elə bilirdi ki, günlər tez gəlib keçəcək və qisas günü yaxınlaşacaq... Qarabağın azad olunma günü isə işvəli qız kimi nazlanırdı. Qisas günü üz çevirmişdi, gəlmək istəmirdi. Səid isə bunu istəmirdi. O, istəyirdi ki, döyüşdən-döyüşə atılsın, Qarabağın hər qarışını düşməni təqib etməklə gəzsin, hər qarışında düşməni qanına boyasın, lazım gələrsə, özü də bu yolda Şəhidlik Zirvəsinə ucalsın. Hər şeydən çox bunu istəyirdi Səid. “Şəhid” adını eşitsə, zaman dayanardı onun üçün. Gözünə Şəhid döyüş yoldaşlarından başqa heç nə görünməzdi. Bir də Qisas görünərdi... Döyüş yoldaşlarına inam ümid verirdi o gün gələcək, o gün gələcək deyərək... Xəyalında, yuxularında döyüş səhnələri görünürdü. Gözünün önündə bir-bir xainləri biçə-biçə, qıra-qıra irəliləyən, əngəlləri aşa-aşa, hətta yaralanmış qolundan, ayağından keçsə də, haqq işindən keçməyən, əl çəkməyən və sonda, Zəfər bayrağını Qarabağın mərkəzinə taxan bir Qəhrəman canlanırdı. Bu Qəhrəman gec-tez həqiqilik və həqiqiliyi ilə birlikdə əbədilik, əbədiyaşarılıq qazanacaqdı. Bəs bu Qəhrəman nə vaxt diriləcək, üzə çıxacaqdı?.. Səidi bu sual düşündürürdü. Bu Qəhrəman özü ola bilərdi və yaxud da ola bilər, bunu çox yaxşı bilirdi. Ancaq şərait yaranmamışdı. Əmr hələ ki gəlmirdi. Düşmən səbrimizi sınasa da, biz dözürdük... Dişimizi qıcayaraq, sıxaraq dözürdük... Hər Vətən oğlu kimi Səid Zəfər oğlu da Zəfərin oğlu olduğunu haqqı danan ədabazlara sübut etdirmək istəyirdi. Gözünün önündə düşmən istədiyini edirdi. Səid və onun döyüş yoldaşları isə hələ də dözürdülər... Əsgər idilər, əmr verilənə kimi dözməyə məcbur idilər.
2020-ci ilin iyul ayında Azərbaycanı yayın yox, qisas alovunun, odunun istisi yandırırdı. Sonradan Zəfərli müharibəmizdə əməyi çox olacaq igidlərin də iştirak etdiyi, bizi Qisasa daha da yaxınlaşdıran Tovuz döyüşləri başlamışdı. Çoxlu Şəhidlər vermişdik, Vətəndə yas içində yas idi. Ən böyük yas da mənfur düşmənin tülkü kimi hiyləgərliklə General Polad Həşimovu və onun kimi vətənsevərləri Qarabağın azadlığını görmədən həlak etməsi, onları şəhid etməsi idi... Bu döyüşlərdən sonra Səid də dözməyənlərimizdən biri oldu. Artıq daha çox o günü gözləyirdi... Çox ümidlə, yenə də az səbirlə... Səbri bitib tükənmişdi Səidin... Ancaq bilirdi ki, daha belə qalmayacaq, bir insan bu halla barışsa da, min insan, milyon insan barışmayacaq. Baş verəcək döyüşlərə Səid özünü tam hazır hiss edirdi. İçində öldürdüyü hər qarabaqara fikirlər onun üçün düşmən leşi idi. Qara fikirlərə ruhən əvvəlcədən qalib gələn Səid içində qalan Qarabağ xəyalını gerçəkləşdirmək üçün vaxtın gəlməsini izləyirdi, gözləyirdi...
26 sentyabr 2020-ci il... Düşmən azğınlaşmışdı, harada olduğunu bilmirdi, bilmirdi ki, olduğu torpaq kimin torpağıdır. Ona görə də hətta yeni-yeni torpaqlar “fəth” etməyi arzulayacaq dərəcədə azğınlaşan düşmənə həddini bildirməyin vaxtı çatmışdı.
Elə də oldu. 1 gün sonra Ali Baş Komandan əmri verdi və “Dəmir Yumruq” əməliyyatımız, Zəfərli Vətən müharibəmiz ədaləti süngü ilə, igid vətən fədailərinin canı, qanı bahasına işğaldan azad etmək üçün başladı.
Həmin gün hər Vətən oğlu kimi Ali Baş Komandanın əmrini eşidən, Vətənin çağırışına çoxdan hazır olan Səid sonuncu dəfə ailəsi ilə vidalaşdı. Bacısının dediklərindən:
“Döyüş başlamazdan əvvəl Səid mənə sms yazdı. Sms-də yazırdı:“Əgər bu gün bu torpaqlar işğaldan azad edilməsə, gələcək körpələr bizə nifrət edər!””
Səidin Zəfər yolu 26 sentyabr 2020-ci il, saat 04:55-dən başladı. Düşmənə dərs verməyin, Qarabağı azad etməyin, Zəfəri çalmağın vaxtı gəlmişdi. Səid illərlə içində qalan Qisas alovu ilə içindəki o Qəhrəmanı həqiqiləşdirmək və əbədiləşdirmək üçün can atırdı. İlk döyüşlərindən biri Murovun o üzü uğrunda gedən döyüşlər oldu. Qəhrəmancasına, heç nədən çəkinməyərək, qorxunun özünü qorxudaraq, “dəhşət” ləqəbli əfsanəvi cılızlara dəhşət yağdıraraq irəliləyirdi Səid. İçindəki bütün boşluqlar doldurulmuşdu. İçindəki qüvvəni var gücü ilə sərf edirdi və bir düşməni də əlindən sağ buraxmırdı, buraxmayacaqdı. Daxili Qoşunların bir neçə gün ərzində əfsanəvi xüsusi təyinatlısına çevrilən Səid döyüş yoldaşlarının gözündə çoxdan Qəhrəman idi. Hər Zəfər, hər döyüş, hər aldığı qisas, hər məhv etdiyi düşmən onu daha da gücləndirirdi. Müharibənin özündən güc alırdı o. Qollarında can verən şəhidlərin də qisasını alırdı. Çox bağlı olduğu döyüş yoldaşlarını da Şəhid verirdi Səid... İnciyirdi, istəyirdi ki, dostu onu da özü ilə birlikdə Cənnətə aparsın. Cənnət sakini olmağa vaxt var idi, zaman var idi. İndi vaxt yalnız Zəfərin idi. Səid ən böyük Zəfəri qazanmaq istəyirdi.
Uşaq vaxtlarında televizorda baxmışdı ki, Şuşada Xarı bülbül adlı çiçək var. O, ancaq Şuşada bitir. Şuşa işğal olunduqdan, işğala verildikdən sonra Xarı bülbül təbiətdən, ona dönük çıxan insanlardan küsüb, heç bir yerdə, heç Şuşada da bitmir... Səid Xarı bülbülü canlı-canlı görmək istəyirdi... Sonralar nəinki görəcək, hətta qanı ilə qidalandıracaqdı Xarı bülbülü, könlünü alacaqdı yenidən bitməsi üçün...
Səidin döyüş yolu Murov dağı yüksəkliklərindən sonra tez bir zamanda Füzulidən, Cəbrayıldan da keçirdi. Səid də düşmənlərin qorxulu röyası olan Vətən oğullarımızdan biri idi. Hər gün Zəfər çalan, hər gün irəliləyən və hər gün mənfur, lovğa düşməni iti qovan kimi qovan ordumuzun bir hərbçisi, xüsusi təyinatlısı olaraq Səid çox cəsur, çox mərd bir əsgər idi. O, döyüş yoldaşlarına qarşı mehriban, səmimi, düşmənə qarşı əzazil idi. Düşmən elə hey qaçdığından Səid həm döyüşməklə, həm də qovmaqla məşğul idi.
Hər dəfə pozitivliyini qoruyan, döyüş yoldaşlarını ruhlandıran və özü də heç ruhdan düşməyən Səid Xocavəndin ilk işğal olunan kəndlərindən biri olan Tuğ kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərirdi. Şuşaya açılan qapıları açırdı. Düşmənə şans da, aman da vermirdi, çünki bu düşmən aman vermədiyindən amana layiq deyildi. O, döyüş yoldaşlarını həmişə Zəfərə səsləyirdi. Səidin jestləri və inamı o demək idi ki, mütləq Zəfər olacaq... Zəfər oğlu olsa da, olmasa da...
Sonunda Səid ən böyük, ən parlaq Qələbəyə doğru olan qapıları açır, onun şücaətlə döyüşdüyü qədim türk yurdu Tuğ kəndi düşmən işğalından azad edilir. Bu xəbər tezliklə xalqımıza çatdırılır. “Qələbənin vaxtı gəldi” deyən xalqımız, Tuğ kəndinin keçmiş qaçqınları bu xəbəri yenidən doğulublarmış kimi qeyd edirlər.

Səid bu Zəfərdən sonra bir fotoşəkil çəkdirir. Həmin şəkildə “əla” işarəsi hər şeyin yaxşı olduğunu və yaxşı da olacağının göstəricisidir. Bununla kifayətlənməyən Zəfər oğlu, Vətən oğlu qeyri-rəsmi olsa belə, Prezidentimizə - Ali Baş Komandanımıza Tuğ kəndinin işğaldan azad olunmasını əsgər yoldaşları ilə birlikdə əsgəri qaydada məruzə edir. Səid ta orta məktəb illərindən bunları düşünür, arzu edir, elə həmin vaxtlardan bu anı yaşayırdı... Və bu anı ona qismət etdiyi üçün Allahına şükürlər edirdi!.. Bu, göydəndüşmə fürsət idi... İtirə-itirə getdiyimiz illərdə doğulan Səid bir-bir itirdiyimiz torpaqları mənfur düşmən işğalından azad edirdi! Bu orta məktəbdə vətənimiz barədə öyrəndiyi tarixin son 200 ilində bir ilk idi və Səid də tarixdə bu ilki yazanlardan biri idi...
Xocavənd istiqamətində daha da irəliləyən, torpağa da, dağa, dərəyə də, meşəyə, talaya, yerə-göyə sığmayan döyüşçü-qəhrəman Səid arzularının çağlayan, parlaq vaxtında gözlənilmədən namərd düşmən gülləsinə tuş gəldi. Ayağından və qolundan ağır yaralandı... Düşmən ona güllələri atanda sevincindən bilmədi nə etsin... Elə bildi ki, bir türkü öldürüb... Ancaq Səid düşməni yanıltmaqla məşğul idi. Düzdür, ağır yaralanmışdı, ancaq heç nə hiss etmirdi. Yenə də əlindən gələni edir, düşmənin başına ildırım kimi od yağdırırdı. Hərbi tibb işçilərini razı sala bilməyən Səid təkidlə döyüşü davam etdirmək istəyirdi. Düşmən tərəfindən çoxdan ölü bilinən Qəhrəmanımız döyüşü davam etdirərək neçə-neçə düşmən məhv edir, komandiri mühasirədən çıxarır, 2 taboru mühasirədən xilas edir... Haqqında yazmalı olduğum və yazdığım Qəhrəmanım belə Qəhrəmandır... İdi yox, çünki O, hələ də ürəyimizdə, qəlbimizdə, canımızda, qanımızda, ən əsası isə azad etdiyi Qarabağ torpaqlarının azad səmasında, ənginliklərində pərvaz edərək yaşayır...
Geridə canla, qanla azad olunan torpaqlar, qazanılan Zəfərlər, öndə ən böyük Zəfər... Səid artıq ən böyük Zəfərin astanasında idi... Bu günə kimi nə qədər döyüşlərdən çıxmışdı, ağır yaralanmışdı, qollarında əsgər dostları, döyüş yoldaşları şəhid olmuşdu, neçə-neçə təhlükələrdən sağ-salamat çıxmışdı... Bu günə qədər neçə-neçə quldur düşməni qanına qəltan etmişdi, məhv edə-edə irəliləmişdi Səid... O qədər onları məhv etmişdi ki, döyüş meydanında düşmən tapa bilmirdi, yəni o mənfurlar davam gətirə bilmirdilər, qorxularından dabanlarına tüpürməyə macal tapmadan tülkü kimi qaçırdılar...
Səidin önündə ən qanlı, lakin ən şanlı döyüş var idi... O, ana yurdun incisini xilas etməli idi bu dəfə... Arzusunu gerçəkləşdirəcək, dünyasını dəyişdirəcək, Zəfərli yuxuları çin etdirəcək o döyüş Şuşa döyüşü idi və Səidi artıq azad edəcəyi Şuşa gözləyəcəkdi!..
Şuşanın azad edilməsi uğrunda qanlı döyüş noyabr ayının əvvəllərində başladı. Səidi bu dəfə əvvəlkindən daha çox təhlükələr gözləyirdi. Düşmən hər tərəfdə olsa da, Azərbaycan ordusunun qəfil, sarsıdıcı həmlələrindən çaşbaş qalmışdı. Hər tərəfdə qanlı döyüşlər gedirdi. Səid xidmət etdiyi xüsusi təyinatlı dəstəsi ilə birgə qətiyyətlə irəliləyirdi. Bir an belə dayanıb durmurdu, nəfəsini belə dərmirdi. Tək məqsədi ancaq və ancaq irəliləmək idi. Bunun üçün nə qədər gözləmişdi. İllər boyu... Əngəlləri aşa-aşa, ölümlərdən dönə-dönə, əzablara, əziyyətlərə, məşəqqətlərə dözə-dözə, qatlaşa-qatlaşa gözləmişdi bu anları Səid... Həmin gün çoxdan gəlib çatmışdı. Səidin ən ali arzusuna çatmasına az qalmışdı. Ona görə də sonuna qədər özünü qoruyurdu. İstəyirdi ki, Zəfər bayrağını görəndən, ən böyük Zəfəri qazanandan sonra Şəhid olsun. Onu Xarı bülbül gözləyirdi. Xarı bülbülü dirçəltməmiş, cana gətirməmiş bu dünyadan gedə bilməzdi...
Xüsusi təyinatlı Qəhrəman Səidin yanında qidalanmaq üçün yeməyi yox idi. Əvəzində daxilində bütün orqanizmini dayanıqlı, əbədi qidalandıran qisas alovu, odu var idi. O, bununla qidalanıb, bişirdi və Xarı bülbülü öz qanı ilə qidalandırmaq üçün hərəkət edirdi. Silahlarını, zəruri sursatlarını daim özü ilə daşıyan Qəhrəman olub Səid, ehtiyatlılığı sevib, həmişə “ehtiyatlı igidin anası ağlamaz” kəlamının tələblərinə əməl edib...
Soyuq silahla, əlbəyaxa küçə döyüşlərində döyüşən xüsusi təyinatlı Səidin sərt baxışı belə düşmənləri mənən öldürürdü. Onun bir baxışı bəs idi. Düşmən o saat qorxurdu və hərəkətləri ilə bildirirdi ki, təslim olub. Bu irəliləyişlə Zəfərli günlərinə az qalırdı Səidin.
8 Noyabr günü... Bu gün bir bölgənin deyil, bir millətin tarixini dəyişdirdi, yenidən yazdı. Sıradan bir gün ikən ən yaddaqalan, ən unudulmaz günlərdən biri oldu. Elə bir gün oldu ki, o günü unutsaq, daşa dönərik... İnsan olmarıq, türk olmarıq, azərbaycanlı olmarıq... O günü unutsaq, bu milləti unudarıq...
Həmin gün xüsusi təyinatlı Səid Cəfərov artıq bilirdi ki, Şuşa şəhərinin yarısından çoxu düşməndən təmizlənib. Zəfər bayrağının dalğalanacağı yerə az qalıb. Səid əzəldən Zəfər oğlu idi... Həmin gün bunu bütün düşmənlərə göstərdi. Gücünü, dəmir yumruğunu həmin gün düşmənə göstərərək düşməni daha çox məhv etdi...
Artıq döyüşün sonları idi... Səid küçə tüfeyliləri kimi gəzən, döyüşün nə olduğunu bilməyən, “uşaq-muşaq” belə deyilə biləcək düşmən “əsgər”lərini məhv edə-edə tam zəfərə doğru irəliləyirdi. Səid özü də elə bil hiss etmişdi ki, artıq bu dövranın, bu həyatın sonudur. Ən böyük Zəfəri qazanmağa nəfəs qədər yaxın idik... Döyüş yoldaşları ilə sanki sonuncu dəfə danışırmış kimi danışırdı. Əsgərləri Zəfərə ruhlandırmaq üçün bu çıxışı etdi Qəhrəman:
Ey ərənlər! Artıq az qalıb, Böyük Zəfəri İnşəAllah çalacağıq! Bundan sonrası bizim üçün bir millətin diriliş Zəfəridir! Bundan sonrası böyük və parlaq qələbədir! Allah bizə verdi bu fürsəti, biz də qaçırmadıq! Sona qədər irəlilədik, dağlardan, dərələrdən, düzlərdən, keçilməsi mümkünsüz olan sıldırım qayalardan vətən sevgisi və uca Allahımızın köməkliyi sayəsində keçdik, küçələrdə əlbəyaxa düşmənləri sıra-sıra öldürdük, ən böyük arzumuzun gerçəkləşməsi üçün əlimizdən gələni etdik, əzablara, məşəqqətlərə dözdük... Bunun üçün dözdük... Zəfər üçün, Böyük zəfər! Ey ərənlər! Mənim bu günə qədər sadəcə atam Zəfər oldu! Bundan sonra mənim özüm, mənliyim, hər şeyim bu Zəfər olacaq! Bu Zəfər üçün heç nəyi, heç kəsi düşünməyin, yalnız millətimiz tərəfindən səbirsizliklə 200 il gözlənilən bu Zəfəri düşünün! Bu Zəfəri qazanmaq üçün ölümü gözə almayın, Şəhadəti düşünün! Bu uğurda Allah bizə yar olsun, igidlər!
Allah bizə yar olsun! Allah bizə yar olsun! Allahu-Əkbər, Allahu-Əkbər! – Ərənlərin bir çıxan bu nərələri azad edilməkdə olan Şuşa küçələrində, Cıdır düzündə, Xuraman qayasında əks-səda verirdi. Bu əks-sədadan düşmənlər qorxub geri çəkildilər.
Səidin bu çıxışı əsgərlərimizi daha da ruhlandırdı. Onlar daha da hərəkətləndilər, daha da gücləndilər, qüvvətləndilər, canlandılar. Pələng ovunun üstünə atılan cəldlikdə önlərində olan düşmənin üzərinə atılmaqla onları caynaqları ilə parçalayıb məhv etdilər.
Xüsusi Təyinatlılar, Daxili Qoşunlar, Quru Qoşunları... Bütün ərənlərimiz hərəkətə keçərək, dağlardan, dərələrdən, küçələrdən... Hər dəf olunmaz maneələrdən keçərək, əngəlləri aşaraq hamını birləşdirən Zəfər Yolunda irəliləyirdilər.
Sonda o Zəfər Yolu bütün Ərənləri birləşdirdi... Şuşa uğrunda gedən döyüşlər 8 Noyabr 2020-ci il Zəfər bayrağının dalğalandırılması və Türk dünyası Azərbaycanının ən böyük Zəfəri çalması ilə sona yetdi...
Səhərisi gün Xarı bülbülü dirçəldənlər, Şuşanı azad edib Zəfər bayrağını dalğalandıranlar, o ərənlər arasında Səidin cismi yox idi... Sadəcə ruhu var idi... İgid Qəhrəmanımız, baş çavuş Səid Zəfər oğlu Cəfərov 9 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına Şəhidlik Zirvəsinin də fatehi oldu! Bədənini Şuşa torpağı, ruhunu Şuşa göyləri qucaqladı, quruyan son Xarı bülbül Səidin qanından, canından güc aldı, dirçəldi, həm də küsülülüyünü, küskünlüyünü unudaraq, insanlarımızla, əsgərlərimizlə barışaraq dirçəldi, şəhidlərimizin qanı ilə canlandı...
Şəhid baş çavuş Səid Cəfərov Şəhadətindən sonra Cənab Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.
Səid 8-ci sinifdə oxuyarkən ilk dəfə Şəhid olmaq istədiyini dedi, günlərlə, aylarla, illərlə qisas üçün ömür sürdü... Əsgər oldu, o günü gözlədi, hərbçi oldu, o günü gözlədi, ölkələr gəzdi, öyrəndi, əsl hərbçi oldu... Sonda isə arzusuna çatdı... Həm Şuşanın, həm də Şəhidlik Zirvəsinin Fatehi oldu!.. Səid sözün əsl mənasında Zəfərin oğlu idi!...
Şəhidimizə həsr etdiyim “Zəfərin oğlu” şeirini qürurla təqdim edir, Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir və məqalə-dastanı tamamlayıram...


Zəfərin oğlu
Şuşa şəhərinin Fatehlərindən olan, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin hərbçisi, Şəhid, Qəhrəman baş çavuş Səid Zəfər oğlu Cəfərovun xatirəsinə dərin hörmət və ehtiramla...

Bu dünyaya O, Zəfər üçün gəldi,
Zəfər üçün düşmən bağrını dəldi,
Şəhidliyin Zirvəsinə yüksəldi,
Böyük Qəhrəmandır Zəfərin oğlu.

Ürəklərdə O, daim yaşayandır,
Düşmən qarşısında hər an durandır,
Ruhuyla yaşayır, o da bir candır,
Damarlarda qandır Zəfərin oğlu.
Şuşa dağlarından dumanı çəkdi,
O quruyan Xarı bülbülü əkdi,
Öz Topxana meşəmizi dirçəltdi,
Zəfəri dadandır Zəfərin oğlu.

Bu yolda çox əzablara qatlaşdı,
Bu məqsədçün qarlı dağları aşdı,
Coşdu, ilhamlandı, qaynadı, daşdı,
İgid, pəhləvandır Zəfərin oğlu.

Yaşla dolubdur göz, bükülübdür diz,
Səni yuxularda gözləyirik biz,
Ananın gül üzü solubdur sənsiz,
Bahar zimistandır Zəfərin oğlu.

Sənin həyatının hər səhifəsi,
Ulu xaqanlarımızın kəlməsi,
Gerçəkləşməyəcək bir an bitməsi,
Bitməyən dastandır Zəfərin oğlu.

Ruh bədəndən çıxdı, göylərin oldu,
Düşmənin yarası çox dərin oldu,
Gözəl Xarı bülbül Zəfərin oldu,
Bir Azərbaycandır Zəfərin oğlu!

SEVİNDİK NƏSİBOĞLU

20 Aprel 2021 Rusiya “İsgəndər-M”lə bağlı məktubu cavablandırdı - Prezident razılaşmadı
20 Aprel 2021 İtkin düşən 24 hərbçi ilə bağlı - Rəsmi açıqlama
20 Aprel 2021 Qənirə Paşayeva“Armudu” layihəsinin qonağı olub
18 Aprel 2021 Məktəblidən təsirli şeir: Nehrəm Şəhidi Elvin Teymurov
18 Aprel 2021 Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal+Video
18 Aprel 2021 Gənc tar ifaçısı Ülvi Allahverən:"Azərbaycan tarı öz ecazkar səslənişilə fərqlənir"
17 Aprel 2021 Qənirə Paşayeva Gənc direktoru Komitədə qəbul edib.
17 Aprel 2021 Bu ərzaqları soyuducuda saxlamaq olmaz
17 Aprel 2021 Münaqişə ilə bağlı beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib
16 Aprel 2021 Hərbi prokuror Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı: “Danışılanlar nağıldır…”
16 Aprel 2021 Dostluq təməli.
16 Aprel 2021 ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
16 Aprel 2021 Azərbaycan ordusunun şanlı zəfər simvolu – Hərbi Qənimətlər Parkı
16 Aprel 2021 Q.Paşayeva Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası ilə görüşüb.
16 Aprel 2021 Nikolun səs yazısı yayıldı: Naxçıvana yolun açılması...
14 Aprel 2021 Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat
14 Aprel 2021 Məcburi köçkünlər azad olunmuş ərazilərə nə vaxt qayıdacaq? - Prezident AÇIQLADI
14 Aprel 2021 Rusiya III Dünya müharibəsi başlada bilər - Kravçuk
13 Aprel 2021 Palata bu nazirlikdə 79 nöqsan aşkarladı – MM-də müzakirə
13 Aprel 2021 Şəhid ailələrinin sosial təminatının gücləndirilməsi sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir
12 Aprel 2021 Qənirə Paşayeva Sevil Gültənlə görüşüb
12 Aprel 2021 Hadı Rəcəblinin restoranında toy: saxlanılanlar var
11 Aprel 2021 Ərdoğan-Zelenski görüşünün nəticələri – 20 maddə
11 Aprel 2021 Türkiyə Ukraynanı dəstəklədi, amma... - Türk ekspert
10 Aprel 2021 “Onlar qisas və təhlükə mənbəyidir” - Çevrəsi həbs olunan nazirlərin azadlığının sirri
10 Aprel 2021 Qənirə Paşayeva görkəmli bəstəkar-pedaqoq Oqtay Rəcəbovla görüşüb
09 Aprel 2021 Sərt karantin rejimi nə vaxt ola bilər? - ÖTƏN İLLƏ MÜQAYİSƏ
09 Aprel 2021 Q.Paşayeva Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
09 Aprel 2021 Yeni sədr “Media haqqında” qanun layihəsindən danışdı
09 Aprel 2021 Erməni generallar Müdafiə Nazirliyinin hasarının üstündən tullanmalı oldu

Xəbər lenti