.

Xalqımızın müasir zamanda kitab oxunuşuna münasibəti hansı yerdədir? Kitaba soyuqluq respublika həcmində, qlobal problem sayıla bilərmi?

Bu gün təəssüflə onu demək olar ki, azərbaycanlılar kitabla maraqlanmırlar, ya da, çox az maraqlanırlar. Bizdə kitaba, qəzetə - jurnala elə gözlə baxırlar ki, sanki, bütün bədbəxtçiliyin səbəbləri elə bunlardır, bu kitablar, jurnallar. Lazımsız nələrəsə: arağa-çaxıra, gərəksiz əşyalara, istifadə olunmaycaq bər- bəzəklərə pullarını xərcləyən xalq, beş-altı manat verib hansısa kitabı-jurnalı almağa daxili güc tapmırlar. Hansısa bir sosial layihənin iştirakçısı olmağa, müəyyən ianələr verməyə əli gəlməyənlər, kafelərdə "laqqırtı" vuraraq küllü miqdarda pul xərcləməyi adi hal sayırlar. Mədəni baxışları, elmi-zəkanın vacibliyini, tarixə hörməti təbliğ edən ciddi kinolara, teatr tamaşalarına baxmırlar. Bütün bunların nəticəsidir ki, cəmiyyət adı daşıyanların böyük hissəsi sivil tonda danışmaq, müzakirə etmək üçün istər mədəni, istər ictimai, istər siyasi mövzu yaratmağı bacarmırlar. Bütün müzakirələr, ya biri-birini tərifdən, ya, ağır formada tənqiddən, ya da ki, açıq-aydın qeybətdən ibarət olur. Çünki zəkanın "hörük daşları" olan ədəbi-mədəni vasitələrlə əlaqələr yox dərəcəsinə enib. Axı, hər oxunan əsər şüura yeni qida verir, düşüncə dünyasının sərhədlərini genişləndirir. Əfsuslar, bizim oxucular bu həqiqəti tanımaq istəmirlər.
İnsan vərəq-vərəq kitab oxuduqca düşünməyə məcbur olur. Bu isə o deməkdir ki, beyin, onun düşünmə qabiliyyəti hərəkətə gəlir, inkişaf edir. İnsan orqanızminin istifadə olunmasa, ən tez kütləşən, iş formasını itirən hissəsi beyindir. Bunu, istənilən psixoloq təsdiq edər. Beyini işlətməsən, kütləşmə qaçılmazdır. Haradasa, hansı formadasa səndən qisasını alacaq bu kütləşmə.
 3 - 4 il qabaq olmuş bəzi sorğulara inansaq, belə bir maraqlı siyahı çıxır ortaya: Ərazisi böyük olan Rusiyanın kitabxanalarında 739 milyon, Almaniyada 104, Türkiyədə 13 milyon kitab var. İngiltərə və Fransada əhalinin 21 %-i, Yaponiyada 14, Amerikada 12, Rusiyada 5, Türkiyədə isə !!! 0,001 faizi kitab oxuyur.  Hər yapon ildə 20, amerikalı 10, isveçli 9, fransız 7 kitab oxuyur. Müsəlman ölkələr bu siyahıda sonda gedirlər. Ölkə nə qədər inkişaf etmişdirsə, bir elə də oxucu sayı çox olur. Və yəqin ki, sözlərin yerini də dəyişmək olar: nə qədər çox kitab oxunursa, bir elə inkişaf bərqərar olur.
 Burada iki məqamı xüsusi qeyd etmək istərdim. Birinci məqam: bəzən, "Bizdə oxunası bir əsər yoxdur!" - giley-güzarını eşitmək olur. Bu fikir doğru deyil. Azərbaycan ədəbiyyatı istər klassik, istər müasirlik baxımından zəngindir. Ədəbi janrlarımızın hansı növünü “qurtdalasan”, oradan onlarla, yüzlərlə əsərlər çıxacaq ki, yüz illiklərlə öz aktuallığını, bədii və mədəni dəyərini itirməyəcəklər.
Məsəl üçün, müxtəlif dövrlərə və mövzulara müraciət edək: dünya ədəbi inciləri sırasında görkəmli yer tutan, eləcə də 20-ci əsr milli oyanışımızı təsvir edən, İ. Şıxlının "Dəli Kür" romanı öz dəyərini əsrlərlə yaşadacaq. Amma, görəsən bu günkü gənclərimizin neçə faizi oxuyub bu gözəl əsəri?
Köhnəliklə yenilik arasında körpü olan, dilimizin zənginliyini, qədimliyini, varlılığını özündə göstərən başqa bir inci - yazıçı Əlabbas Bağırovun "Köhnə kişi"si müasir oxuculara nə qədər tanışdır? Ağır oturub batman gələn köhnə kişilərimizin ünvanını özündə saxlayan bu əsər, eləcə də gözəl yazıçının təkrar olunmaz süjetlər ətrafında qurulan digər əsərləri, həmin köhnə kişilərin bu günkü törəmələri tərəfindən sətir-sətir oxunulmağa, hafizələrinin yol yoldaşı edilməyə layiqdir.
Müasirliyimizin həmyaşıdı gözəl yazıçı Əli Bəy Azərinin "Hərbi Zəngilan" romanı bu günümüzün oxucularının ən aktual tələbi sayılmağa layiq deyilmi? Ölkəmizin ən yaxın tarixinin, torpağımızın işğalına qarşı aparılan şanlı mübarizənin bir çox baş epizodlarını özündə əks etdirən bu əsər xalqımızın, atalarımızın, əmilərimizin-dayılarımızın keçdikləri çətin yolun səlnaməsidir. Bu əsərin yazılış forması, yazıçı üsulu cavanlarımıza, yaşlılarımıza bir çağırışdır: "Oxuyun!" -çağırışıdır, qanlı-qadalı Birinci Qarabağ Savaşında "Vətənin keçdiyi tarixi sınaqları unutmayın!"- səsidir.  Bu roman bədii əsər olmaqla yanaşı xronikadır. Əsərin bədii şirinliyi, cəlb ediciliyi ondadır ki, müəllif əsəri hansısa danışıqlar, kənardan yığılmış materiallar əsasında yazmayıb. Müəllif döyüşən orduda bir döyüşçü-komandir kimi özünün və qəhrəman döyüşçü yoldaşlarının yaşadığı döyüş həyatını qələmə alıb. Müəllifin özünün hadisələrin içində yaşayıb, qələmə aldığı əsər həmişə şirin oxunur, oxucu üçün daha aydın, daha dərk edici olur.
 Bir sözlə, oxunası əsərlərimiz çoxdur. Misallar çox gətirmək olar. Əgər, həvəs olsa, istək olsa boş qalmaz oxucu. 
İkinci məqam. (Mən öz fikrimi deyirəm və istəməyənlər razılaşmaya da bilərlər.) Bu gün ədəbiyyatımızda saf və təmənnasız tənqidin olmaması həm ədəbiyyatımızın təmizliyinə, mənə elə gəlir ki, həm də oxucu seçiminə çox ağır bir zərbədir. Yaxşı səviyyədə yazılmış əsərləri təhlil edərək tərifləmək yaxşıdır, lazımdır. Amma, pislərini də göstərmək lazımdır. Tənqidi araşdırmalarla çatışmamazlığı demək, heç də pis deyil. Bədii əsərin -poeziya, nəsr, fərqi yoxdur- hansısa zəifliyini göstərən, oxucu kütləsində yanlışlıq yarada biləcəyini deyən tənqid varmı müasir ədəbiyyatımızda? Mən görməmişəm! Tərif – yüzlərlə. 
Bu gün sosiyal şəbəkələrin həyatımızda, eləcə də ədəbi yaradıcılıq dünyasında aparıcı rolunu nəzərə alaraq bir xüsusi qeydi etmək istərdim.
 Hamımız yaxşı bilirik ki, bu gün sosial şəbəkələr vasitəsi ilə "roman", "povest", "şeir" adı ilə yüzlərlə, bəlkə də minlərlə yazılar çıxır ortaya. Çox vaxt bu yazılar olduqca dəyərli, bədii məzmun cəhətdən, quruluş baxımından tərifəlayiq olurlar. Bəzənsə bu poeziya və nəsr nümunələrinə bircə baxış bəs edir ki, başa düşəsən bu nümunələrin ədəbiyyata aidliyi olmadığını, yaxud zəifliyini. Ən gülməlisi, bəlkə də ağlamalı məqam da buradan başlayır. Sosial şəbəkələrdə yazılan şeirlərə, hekayə və povestlərə nəzər salsaq görərik ki, bu yazıları ...oxuyan yoxdur! Lap, layk qoyub, "afərin!" yazanların sayı 200 olsun. Gündəlik araşdırma aparan olsa, maraqlı bir proseslə üzləşər. Yazılan şeir-hekayə-povestlərə qiymət verənlər, elə, yazıçı-şair dəstəsinin özüdür. Dairəvi hərəkət gedir, hamı yazır və hamı bir-birini tərifləyir.  Dairə əlaqəsi bərkdirsə, yazılan şeirin-romanın bədii çəkisi heç bir rol oynamır, alacaqsan öz "afərinlər"ini! Sadəcə olaraq, kiminsə dairəsi (kruqu) böyükdür, kiminsə dairəsi  balacadır. Az qala, YB-nin kiçicik proyeksiyalarıdır, kənardan “müdaxilə” ola bilməz. Kənar şəxsin yazdığını bu "qocaman" dairənin köhnə üzvləri görmək istəmirlər. Eyni ad-soyadlar, eyni şablon "afərin"lər, "əllərinə sağlıq"lar. Yapışdırırlar bütün yazılara. Bircə şərtlə, "dairənin" üzvü olsun, yəni, "bizim adamdır!" söhbəti. Gərək tonlarla, qallonlarla çay içəsən ki, o dairəyə-kruqa düşə biləsən. Ən pisi isə budur ki, bu dairələrdə-kruqda "afərin!" deyənlər içində ədəbi mühitimizdə iz qoya biləcək olduqca savadlı, "tükü - tükdən seçə bilən" tənqidçilərimiz, şair-yazıçılarımız olur. 
 Bəzən, elə hallar olur ki, adam istəyir səs salsın, desin: “Qiymət verəndə əsərə, heç olmasa əvvəlini və sonunu oxuyun!”
 Bir qəmli misal çəkəcəm. Keçən il şeirləri ilə ədəbiyyatımızda iz qoyan istedadlı bir şairimiz rəhmətə getdi (Allah rəhmət etsin!). Bir-iki həftə sonra onun dostlarından biri həmin rəhmətliyin bir gözəl şeirini qoydu öz səhifəsinə, altından da, aydınlıq üçün “mərhum filankəs” adını yazdı. Çox tərif yazıldı həmin gün. Az qala, yarıdan çoxu yazmışdı "afərin", "əllərinə sağlıq"!!! Məcbur oldu, sildi o yazını.
 Oxucular görür bu vəziyyəti. Yaxşı əsər -pis əsər seçimi aydın və sadə dillə edilməlidir, qiyməti müəllifə, "bizimkidir"ə yox, əsərə vermək lazımdır. Bəlkə, belə yol, özünə tənqid yolu yazılanların səviyyəsinə təsir etməklə, oxucunun da qayıtmasına kömək ola bilər?
Vaxtilə, Azərbaycan oxuculuq səviyyəsinə görə qabaqcıllar sırasında olub. Ən ucqar kəndlərdə belə, əksər xalq kitabxanaların abonentləri olublar. Yadımdan çıxmaz o illər. Dərsdən çıxanda dəstə ilə kitabxanaya üz tutardıq. Maraqlı burası idi ki, o vaxtları bədii ədəbiyyata maraq göstərənlərin heç də hamısı əlaçı, yaxud ziyalı deyildi. Kitabxanaçımız gözəl insan Sakit müəllim idi. Bəzən, seçdiyim kitabları qeyd etdirmək üçün 5-ci, 6-cı adam olurdum. Hər kitab mənə yeni dünya açırdı. Nə qədər uşaq sadəliyi ilə sevdiyim qəhrəmanlarım var idi! Hamımız eləydik. Tariximizi bizə o kitablar çatdırırdı. Elə, ilk sevgi hissinin qəlbimizdə yaratdığı xoş sızıltısını oxuduğumuz kitabların dili ilə kağıza köçürürdük. Filan kitabdakı Filan qəhrəman kimi!..
  Düzdür, yox idi o vaxtlar internet, sosial şəbəkələr, informasiya vasitələri. İndi var onlar. Amma, internet resursların varlığı təkcə Azərbaycan üçün deyil ki! 
Götürək Rusiyanı. Demirəm, burada hamı cərgələnib kitab oxumağa növbəyə. Yox! Amma, Azərbaycandan fərqli hallar həddən çoxdur.
Yaşadığım şəhər sayca 100 000-dən bir azca çoxdur. Mənim kimi ədəbi dünyada adı tanınmayan,  yad olan "Məmmədov" soyadı ilə bir kəsin özgə xalq, yad mədəniyyət toplusu içərisində 150-200 kitabı satılması problem deyil. Əgər bərk arzu etsəm, yəqinki, satışı çoxaltmaq olar.  Amma, bu satışsız da yayılır yazılarım. Kitabxana bu yolda gözəl vasitədir. Özüm bağışladığım kitablardan əlavə, kitabxanalar dərc olunduğum jurnalları da alırlar. Oxucu zalı, abonent zalı hər kitabxanada var. Əgər, küçədə kimsə mənə: "Filan yazınızı oxumuşam!" - deyirsə, demək işim-gücüm, həyatım düz yolla gedir.
 Bəzən, burada küçələrdə sorğular görürəm. Görürsən, cavanlar qaçırlar küçədə adamların qabağına. Olub ki, mənim də qarşıma çıxıblar. Suallar verirlər, anket yazırlar: "Son vaxtı hansı kitabı oxumusunuz?"; "Haçan?"; "Sevdiyiniz yazıçı (şair)?" və s. Kitabxanalarda oxucu günü keçirilir. Hansısa araşdırmalar, keçirilən sorğular oxucu marağının istiqamətini, bu parametrlərin aşağı, yaxud, yuxarı olduğunu göstərir.
Bəzi inzibati binalarda kitab rəfləri qoyulub. Kitablarla dolu. Götür, oxu, sonra qaytar qoy yerinə. Məgər, pisdirmi? Oxucu marağını oyatmaq üçün bütün vasitələrdən istifadə etmək lazımdır.
 Azərbaycanda necə? Kitab-dəftər oxucularının sayı ilə, onların niyə gündən-günə sıfıra yaxınlaşmaları ilə maraqlanan varmı? Bu sahə ilə kimlər məşğul olmalıdır? Yəqin ki, Mədəniyyət nazirliyi, Təhsil nazirliyi, Yazıçılar birliyi birgə səylər etməlidirlər. Ümumiyyətlə, bu gün Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı hansısa məlumatı almaq çox çətindir. YB-nin yeni üzə çıxan, tanınmağa başlayan yazıçı-şairlərə, onların dərc olunan yeni əsərlərinə münasibəti, köməyi-tövsiyyəsi nə dərəcədədir, yəqin, üzvləri bilərlər. 
Bu gün Azərbaycanda mütaliənin səviyyəsi o dərəcədə aşağıdır ki, artıq dövlətin bu işə qarışmağı vacibdir. Müəyyən konsepsiya hazırlanmalıdır ki, əriyib yox olmağa yaxınlaşan oxuculuq mədəniyyəti, oxuculuq anlayışı silkinib qalxa bilsin. Konsepsiyanın başında isə, Təhsil Nazirliyi durmalıdır. Çünkü, insana ədəbiyyata, kitab oxumağa məhəbbəti aşağı siniflərdən aşılamaq lazımdır. Uşağın kitab oxumaq vərdişi yoxsa, o böyüyəndə kitab həvəskarı olmayacaq. Bu 100% belədir!
Kitab oxumaq hazırcavablıq deməkdir, savadlılıq deməkdir, həyatın müxtəlifliyində insanın universal bacarığı deməkdir.


Xaliq Məmmədov
AFİA.AZ

Xəbər lenti