.


 
 
Sən getdin, atanın beli büküldü,
                                                Neçə arzular torpağa gömüldü,
                                               Sanma ki, bunla zalım fələk güldü,
Yerlərin  heç vaxt doldura bilmərik,
                                             Lakin, biz də Mübarizik, Vasifik!
                                                                              Müəllif.
Elə vəziyyət yaranır ki, müharibə qaçılmaz olur... Belə vəziyyətlərdə insanlar hər an, hər dəqiqə müharibə təhlükəsi ilə qarşılaşa billirlər... Müharibə bəzən ən dəhşətli, bəzən ən qəribə, bəzən də hətta ən səssiz ola bilər... Bəzən, heç nə hiss etdirməz, ən böyük acısını sonradan yaşadar insanlara... Müharibə dərsdir, özü də böyük dərs... Bunlardan da ən əsası həyat dərsidir... Müharibənin də öz həyat dərsi var... Hər an bir güllə ilə həyatına təhlükə vura, səni sevdiklərindən ayıra bilərlər... Ən dəhşətlisi də məncə budur... Heç kəs dözməz sevdiyi insanın bir an içərisində, gözlənilmədən, ağıla gəlmədən yox olmasına, bu yoxluğun ağrısına, acısına dözməz...
Dünən, ya da srağagün gördüyün bir insanın tezcə də qanadlanıb uçmağına, yox olmağına necə dözə bilərsən axı? Axı, o da qayıtmalı idi, qayıdacaqdı... Ailəsini görəcəkdi, həsrətini azaldacaqdı... Qohumları,yaxınları, dostları, yoldaşları onu qanlı müharibədən Zəfərlə qayıdan bir Əsgər kimi qarşılamalıydılar... Ona hələ Şəhadətindən 7 gün və 3 gün əvvəl medal da verilmişdi... Bəlkə də, buna görə, o, ailəsi ilə danışmış,ailədə doğmaları gülə-gülə, sevinə-sevinə onu təbrik də etmişdilər... Hər zəng qurtarmamış ailə üzvləri  ona deyirdilər ki, “Özünü qoru, Vasif! Vətən müharibəsindən sonra, ölümlə ölüm-dirim müharibəsindən də bəlkə, Zəfərlə döndün...” Fələyin qisməti, istəyi isə dəhşətlidir... Bu istək, bu qismət insana inanılmaz acılar verir bir dəqiqənin, bir anın içində...
Mən də bir elegiya yazıram... Qürurla birlikdə, göz yaşı da əlavə edirəm yazıma... Bunu ona görə yazıram ki, Şəhidlərimizi bir dəfə də anmayan şəxsiyyətin nə olduğunu bilməyən “insanlar” başa düşsünlər ki, indi Zəfər bizim olsa da, Yeni İli bayram kimi qeyd etmək olmazdı... Bunun sübutu üçün getdi bəlkə də qəhrəmanım, 2021-ci ilin ilk günü ürəyimizi parça-parça edən Şəhadəti ilə, Şəhid gizir Məhərrəmov Vasif Üzeyir oğlu...
Şəhidgizir Vasif Məhərrəmov Azərbaycanın sevincinin qənimi olan qara buludların göy üzünü bürüdüyü ilk ildən 1 il sonra, 1989-cu ildəBeyləqan rayonunun Milabad kəndində anadan olmuşdu. O, hələ körpə idi, haradan biləcəkdi ki, ağlı kəsmədiyi bir vaxtda əldən gedən Qarabağı o, öz qəlbi, cəsarəti və silahı möhkəm sıxan əlləri ilə azad edənlərdən biri olacaqdı. Bəlkə də, körpə olmasaydı, ən azı 18 yaşı olsa idi, O, mütləq həmin döyüşlərə də atılardı. Vasif elə bir igid, elə bir cəsur insan idi ki, Vətənə uzadılan hər naməhrəm əli kəsməyə hazır idi.
Ağlı kəsən kimi bilməsə də, tədricən mühitindəki qaçqınlardan, doğulduğu yerdə qurulan Xocavənd qəsəbələrindən və orada yaşayan az da olsa, ümidi olan və qaçqın damğası ilə yaşamağa məcbur olan insanlardan başa düşürdü ki, yurdun bir parçası əsir qalıb. Orta məktəbin 1-ci sinifinə də daxil olandan  sonuncu sinifə qədər yurdumuzun tarixini, dilini, ədəbiyyatını öyrənir və Yurdunu bir daha sevirdi O. Lakin, sevinmirdi. Ürəyində hər an deyirdi ki: “əli qələm tutan Nizamilər, Füzulilər, əli qılınc tutan Cavanşirlər, Babəklər, əli silah tutan Əliyarlar, Həsən Qorxmazlar, Mübarizlər yurdu olan bu vətənin bir parçası necə qaçqın damğası ilə yaşaya bilər?”. O, son siniflərdə oxuyanda artıq qarşısına bir məqsəd qoyur: “Qarabağ azad olunmalıdır! Oranın azadolunmasında hökmən iştirak etməliyəm, hər hansı səbəbdən iştirak edə bilməsəm əgər, onda oranı azad edənlər üçün hər an duaçı olacağam və dua edəcəyəm!”. Lakin sonra gənc, kişilik məktəbinin ərənlik biliyinə yiyələnməyə az vaxtı qalan Vasif bir daha ərənlərimizi, igidlərimizi, Yurd üçün öz gələcəyini düşünməyib Yurdun gələcəyi üçün Şəhadət Şərbətini Dadan Şəhidləri düşünüb bu şərəfə, bu şücaətə, bu Şəhadətə çatmaq istəyirdi. Bilirdi ki, bu yolda yerimək asan deyil. Onu bütün çətinliklər gözləyir. Ancaq, o, bu çətinlikləri heç nə bilir, çünki, əsrlər əvvəl bu yolda Təxt-i-Nadir sahibləri yeriyiblər. Onun milləti bir vaxtlar Yeni Dehlidə dik dayanıb! Vasif bir zamanlar Yeni Dehlidə dik dayanan Təxt-i-Nadir sahibi ilə indi Qarabağa əlləri çata bilməyən ürəyi yaralı insanlarımızı gözünün qabağına gətirib sarsılırdı. Bəlkə də, o, hər zaman bunu edirdi. Bununlada intiqam odunda çırtha-çırtla alovlanıb yanırdı. Lakin, hələ orta məktəbin son siniflərində oxuyan Vasif bu düşüncələrindən sonra qarşına sadəcə bir məqsəd qoydu: “DÖYÜŞ ALNIMIZA YAZILIB! Odur ki, mən də Azərbaycan Əsgəri olmaq şərəfinə yiyələnməli, kişilik məktəbini keçəndən sonra da döyüşçü olmaqdan, qarı düşmənə qarşı mübarizə aparmaqdan  əl çəkməməliyəm!”
Vaxt-vədə gəlib çatdı, gün o, gün oldu ki, Vasif kişilik məktəbinə, əsgərliyə yollandı... Onun qəlbi ilk vaxtlardan hər an intiqam atəşi ilə yandı, intiqamından güc aldı, damarlarında elə bil, intiqam qanı fışqırdı, qüşməndən qisas almasına alət olacaq silahına onda məhəbbət yarandı, Ana, Vətən məhəbbəti... Hər gün elə fikirləşirdi ki, Ali Baş Komandan əmr verəcək və O, bir əsgər kimi döyüşlərdən-döyüşə atılıb Qarabağı azad edənlərdən biri olacaq...  Bunun üçün canavarlar süfrəsini dağıdan bir Bozqurd lazım idi. Bu Bozqurdun vaxtı az idi. Prezident, Ali Baş Komandan  əmr verməyin hələ vaxtı  olmadığını bilirdi. Vasif dözməsə də, bilirdi ki, düşmənin belini sındırmaq üçün hərbçilik, cəsurluq, qəhrəmanlıq yolunda peşəkarlaşmaq çox vacibdir. Təlimlər onun polad bədənini daha da möhkəmləndirəcək, Onu böyük qanlı müharibəyə hazır edəcəkdi.
Vasif bu günlərə qədər çox təlimlərdə iştirak etmiş, öz bacarığı, dözümlülüyü, hünəri və qabiliyyəti ilə hərbçiləri, əsgər yoldaşlarını heyran qoymuşdu. Əsgər yoldaşları ona əvvəldən ümidlər bəsləyirdilər, Vasif hər dəfə uğurdan-uğura atılanda bu ümid daha da böyüyür, qollu, budaqlı, kölgəsi geniş bir ərazini əhatə edən bir ümid ağacına çevrilirdi.  Vasif isə bu mohtəşəm ümid ağacını Zəfər ağacına çevirmək istəyirdi. O da bu ağacın bir budağı, bir yarpağı olmaq istəyirdi. Bu Zəfər ağacının hər budağı bir Zəfər, hər yarpağı bir Zəfər fədaisi olmalı idi. Vasif bu Zəfər ağacının toxumunu içindəki torpaqda əkmək istəyirdi. Bəlkə də, özü də bu torpaqda bir torpaq olmaq istəyirdi, torpağa qarışmaq istəyirdi. Vətən üçün lazımsa Şəhid olmaq, Vətən torpağının şəhid, zəfər çalmış qəhrəman əsgər kimi onu qucaqlamasını istəyirdi Vasif...
Ailəsi bu günə qədər onu çox qorumuşdu, çox dualar etmişdi ki, Vasifin orada ayağına bir daş da dəyməsin. Həmişə də edəcəkdilər...
Vasif illərlə dişini qıcamış, dözmüşdü. Bütün hiyləgər erməni təxribatlarına, atəşkəs pozuntularına bir Azərbaycan Türkü olaraq səbri ilə cavab vermişdi. Bu illərdə nə qədər Şəhidlərimiz olmuşdu, hər Şəhidimiz veriləndə Ona dünya dar gəlirdi. Mübariz Şəhid olanda Vasifin ürəyi dözməmişdi. Elə bil, onun başına qaynar su tökmüşdülər. Bundan sonra, onun yuxularına daha çox girməyə başlayırdı Qarabağ həsrəti... Bəzən tam hazır olarkən, müharibəyə başlamışkən yuxu bitir, Vasif yuxusuna haram qatırdı. Mübarizsiz düz 10 il O, mübariz bir döyüşçü olmağa hazırlaşmışdı. O, həmişə Ana  Vətənini ailəsindən üstün tuturdu. Çünki, Vətənsiz insan, şəxsiyyət olmazdı. Olsa da, ol şəxsdə vicdan olmazdı...
Bəzən Mübarizin dastanından ilham alıb özü də Mübariz kimi olmaq istəyirdi. Lakin, O, yenə məqamı, vaxtı gözləyirdi. Ürəyi parça-parça olsa da, anaların ahı qulağını qanatsa da, həsrət fikrini haça-haça etsə də, O, dözürdü... Vaxtının gəlməsi, məqamın yetişməsi  üçün dözürdü...
Böyük hərbçi sərkərdəmiz, əsrimizin Cavanşiri, Babəki olan general Polad Həşimov şəhadətə qovuşandan sonra bütün xalqımızıerməni mənfurlarına və ümumiyyətlə hər mətləbin birlikdə həyata keçirilməsi üçün yenidən bir etdi, birləşdirdi. Xalq öz həmrəyliyini bir daha göstərdi. Dar gündə dostlarımız tanındı, onlar da bizimlə həmrəy oldular, birlikdə dərd yaşadılar, birlikdə qürurlandılar. Poladımızın şəhidliyinə heç kəsin dözmədiyi kimi, Vasif də dözə bilmirdi, intiqam onu içərisindən yeyirdi. Nə zaman bir atəşkəs pozuntusu olsa, o saat düşmən üzərinə qartal kimi şığımağı gəlirdi. Artıq O, Ali Baş Komandanın jestlərindən bilirdi ki, intiqam almaq vaxtı yaxinlaşıb, gəlir, indi hər an daha çox hazırlaşmaq lazımdır.!
Bu ilin sentyabr ayının əvvəllərində verilən son atəşkəs şəhidimiz Elşən Məmmədovun şəhadəti ilə artıq Vasif düşünürdü: “Daha bəsdir! Bu şəhid anası sonuncu dəfə fəryad etməli, bu ata sonuncu dəfə belini bükməlidir! Bu Şəhid bizim Son Atəşkəs Şəhidimiz olmalıdır! Daha Dəmir Yumruğu düşmənə göstərməliyik! Qarabağı azad etməliyik! Düşmənləri müqəddəs torpaqlarımızdan qovmağın vaxtı gəlməlidir!”
Vasifin bu düşüncələri tələb olunan haqq-ədalət, coşub öz qabından daşan Azərbaycan səbri kimi öz yerini tapdı: VAXTI GƏLDİ! Sentyabr ayının qəm-kədər ayı olmaması üçün, sentyabr ayının sonlarında, 27 sentyabrda, Ali Baş Komandan hamının 30 il gözlədiyi “Qarı düşmənini Vur!” əmrini verdi! O zaman bütün əsgərlər və zabitlər,bütün silahlı qüvvələr, ərənlərimiz, döyüşçülərimiz, igidlərimiz, hətta hərbçi olmayanlar da səfərbər olaraq döyüşə atıldılar. Arxa cəbhədə olanlar da həmrəylik göstərərək özlərini mənfur düşmənlə üzbə-üz olan əsgər kimi hiss etməklə əsgərlərimizə mənəvi dayaq oldular. Öndə olan həmin igid döyüşçülərdən biri də gizir Məhərrəmov Vasif Üzeyir oğlu idi!
İlk zənglərdən birində Vasif sonuncu dəfə görüşdüyü ata-anası ilə son dəfə danışırmış kimi danışdı:
-     Ana, birdən mənə bir şey olsa... Onda ağlayarsan?
-  Mənim duam səninlədir... Bizim duamız səninlədir, oğul... Hər döyüşçünün ata-anasının duası, Cavanşirin, Babəyin, Ərtoğrulun, Xətainin, Nadirşahın ata-anasının duasıdır! Bu dua həmin ərəni ömrü boyu qoruyar və ona həmişə yar olar... Təbii ki, Allahla birgə... Allah da Sənə yar olsun, köməkçi olsun, oğul!..
Vasif hər gün elə bil qəlbində  duaları ilə uğurlar əldə etdiyi üçün anasına təşəkkürlər edir, bu uğurlar barədə anasına ətraflı məlumat verərək onu da sevindirirdi. Müharibənin hər çətin günündən sağ çıxdığına görə Allahına Şükür edirdi O. Hər Şükür sanki, ona dirilik suyu verir, onu canlandırırdı. Onun üzərinə səpilən dirilik suyu Azərbaycan xalqına səpilən cəng, zəfər suyu idi!
Azərbaycan canlandı,
Axan damarda qandı,
Qarabağım hər zaman,
Yurdum Azərbaycandı!
Vasif hər zaman döyüşür, qisas üçün konül verdiyi, məhəbbət bəslədiyi silahını bir an belə əlindən yerə qoymurdu.  Heç nə bildiyi bir məfhumun, ölümün gözünə dik baxırdı. Qorxmaz bir əsgər kimi Zəfər Yolunda addımlayırdı. Qisasının, intiqamının nəticəsi olan erməni leşlərini azad etdikləri hər qarış torpağımızda nə qədər görsə də,ürəyi soyumurdu. Azərbaycana uzadılan hər xain əli kəsməyini ürək yanğısına səpilən Zəmzəm suyu bilirdi Vasif. “Təki Vətən sağ olsun” sözünü şüar edib Şəhid olmaq da istəyirdi. Bunu özünə şərəf bilirdi. Ailəsi ondan nigaran idi, lakin, bilirdilər ki, Vasif Vətəni hər şeydən üstün tutur, onun yolunda Şəhid də olar, Qazi də!
Vasif Füzulinin, Cəbrayılın və Qubadlının azad edilməsində xüsusi cəsurluq,  igidlik, məharət, şücaət göstərmişdi. (Vasif heç bilməzdi ki, O, Qubadlıda Şəhid olacaq, lakin, döyüşlərdə yox, zəfərdən və düşmənin məğlub, təslim olmasından sonra... Təki Vətən Sağ Olsun...) Onun düşmənə vurduğu sarsıdıcı zərbələrdən digər döyüşçü dostları da güc alaraq daha sürətlə irəliyə şığıyar, döyüşər, erməniləri bir zərbədə məhv edərdilər. Təkcə, onlar yox, Qarabağdan xəbər gözləyən bütün Azərbaycan Vasif kimi ərənlərimizi görüb ruhlanır, qürurlanır, həvəslənirdilər və yeni yaradıcı işlərə aparan yolların xəritəsini çəkirdilər.
Vasif illərlə dişini sıxa-sıxa, “vaxtı gələcək...” deyə-deyə, həsrətlə gözlədiyi o günə canlı şahidlik edirdi. 8 Noyabrda Şuşamızın, Azərbaycanın mədəniyyət paytaxtının azad olunması ilə, 10 Noyabrda isə düşmənlərin sülhə məcbur edilməsi ilə Azərbaycan tam Zəfər çaldı! Bütün Dünya Azərbaycanlıları, dar gündə tanınan dost, qardaş ölkələr kədərimizə kədərləndiyi kimi, sevincimizə ürək dolusu sevindilər! Zəfərimizi birlikdə bayram etdilər! Bu unudulmaz Zəfərin canlı şahidi olanlar (içimənqarışıq) bilirdilər ki, bir 8 noyabr, bir 10 noyabr bütün aylara, illərə, qərinələrə, əsrlərə, hətta, dünyanın ən axırıncı ilinə də dəyər.


Zəfərimizə sevinib Allaha sonsuz Şükr edənlərdən biri də bu zəfərdə sonsuz payı olan gizir Vasif Məhərrəmov idi! O, sevinirdi ki, ən böyük arzusuna çatıb və Zəfəri əldə edənlərdən, Vətənə bu sevinci  verənlərdən, Xarıbülbülü dirildənlərdən biri olub! O, çox sevinirdi! Telefon əlaqəsi zamanı Anasını, ailə üzvlrini qələbəyə görə təbrik də etmişdi O.  Vasif 44 gün ərzində qəlbində sıxıb saxladığı bir çox cümlələrdən ibarət olan istəklərinin sadəcə cüzisini Anasına deyirdi:
- Anam,  deyirdin ki, hər döyüşçünün ata-anasının duası, əcdadlarımızın ata-anasının duasıdır, bu dualar əziz övladları qoruyur və xəta-bəladan hifz edir... Həqiqətən də həmin duaların hamısı, sizin dualarınızla birlikdə  gerçək oldu.Dualar sayəsində və əsgərlərimizin şücaəti sayəsində müqəddəs yurdlarımız  azaddır... Daha incik ruhlar rahatdır... Qələbəni qazanmışıq!
- Hə, oğlum, dualar yerinə yetdi. Hamısı. Var ol, oğul. Südüm sənə halal olsun! Sən düşmənə baş əymədin, onun başını əzdin! Özü də dəmir yumruq əməliyyatı zamanı dəmir yumuruğunla! Allah Sənə həmişə yar olsun! Bundan sonra, orada özünü qoru. Allaheləməmiş birdən mina olar, bu ermənilər əl çəkən deyillər, onlar bu 28 il ərzində o qədər şeytan işlər görüblər ki... Azərbaycan əsgərləri evləri top atəşinə tutur demək üçün tankları evlərdə gizlədənlərdirlər ey bunlar, hər şey gözləmək olar bu ermənilərdən, balam...
-Nə bilim, ay ana. Nə olur, olsun, Allahın qismətindən qaçmaq olmaz, onu deyim ki hələ ki, evə gələ bilməyəcəyəm, amma sizin üçün elə darıxmışam ki, heç belə olmamışdı. Qayıdana qədər yenə duan üstümdə olsun. Əgər nə isə olacaqsa, başıma bir iş gələcəksə... Vətən sağ olsun!
Neçə-neçə igid əsgərlərimizdən olan, düşmənin qarşısında dik dayanan, hər jurnalist sualına dəqiqliklə cavab verən polkovnik Babək Səmidli şəhid olandan sonra ailəsi Vasif üçün də narahat olmağa başladı. Hər gün Vasiflə zəngləşir, ona diqqətli olmağı tövsiyyə edirdilər.  İstəyirdilər ki, Vasif tez qayıtsın, görüşsünlər, həsrəti azaltsınlar... Bəlkə də, Vasifin xəyalı da var idi ki, bir gün ailəsini də götürər, birlikdə azad olunmuş Qarabağı gəzərlər... Lakin, fələyin növbəti oyunundan Vasif də, ailəsi də xəbərsiz idi...
Qələbə Paradı günündə özünü daha da sevincli hiss edən Vasif baxdıqca gözəl mənzərələrdən doymur, Allaha bir daha Şükür edirdi. Türk qardaşları gördükcə damarındakı Türk qanı sanki, partlayıb fışqıracaqdı. Lakin, nə qədər ruhlansa da, O, Şəhidləri unutmurdu. Elə bil, Onlar da əlini Vasifin çiyninə qoyurdular və Allahın dərgahına gedəndə Vasifə də işarə edirdilər ki, Sən də gələcəksən, bu gözəl dərgaha... Vasif bunu hiss edirdi elə bil.
Və sonda Vasif bir əmri ilə səfərbər olduğu Ali Baş Komandanı tərəfindən 24 dekabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci ildə isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. 29 dekabr 2020-ci ildə isə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi O... Vasif haradan bilərdi ki, bu gözəl xəbərin ona çatmasından sadəcə 3 gün sonra O, Şəhadətə qovuşacaq... İnsanın ürəyi pərən-pərən olur bu reallıqla üz-üzə qalanda...
Ailəsi onu bu xoş xəbərə görə təbrik də etmişdi. Onların sevinclərinin həddi-hüdudu yox idi, elə bil Vasif qayıtmışdı. Bəlkə də, qohumlarından biri Vasifin təltif edilməsi xəbərini yoldaşlarına vermiş, qürurlu dayanaraq Vasifin şücaəti ilə fəxr etmişdi... Onlar haradan bilərdilər ki, şadlıqla dolan bu evdəki insanlar 3 gün sonra canlarından çox sevdikləri bir insanın dəfninə gedəcəkdilər...
Vasif bir daha, bəlkə də son dəfə ailəsi ilə zəngləşdi...
-Oğul, səni bu uğuruna görə təbrik edirəm... Görürsən, oğul, dualarımız bir-bir gerçəkləşir. İnşəAllah qayıdarsan, Yeni İli birlikdə bayram edərik.
- İnşəAllah, ana, İnşəAllah! – Vasifdə də son ümid var idi...
-İnanıram, inanıram,  gələcəksən... O vaxt səni daha qürurla, fəxr hissi ilə qarşılayacağam... Sənin üzünü, gözlərini öpəcəyəm... Sinəndə gəzdirdiyin bayrağı öpəcəyəm... Sevinc hissi hamımızı bir daha bürüyəcək... Allah eləsin, oğul, Allah eləsin...
-Sən deyirsənsə, mütləq olacaq. Bəlkə də, təzə ilin ilk günü olacaq bu gün, elə hamısı... – Sözlər elə bil Vasifə vəhy ilə gəlirdi. Elə bil, təzə ilin ilk günündə nələrin olacağından xəbərdar idi O.
-İnşəAllah olacaq, oğul! Bax, özünü qoru ha, mina olar, elə olar, belə olar... Mütləq gələcəksən ha... Səni sağ-salamat görəcəyəm, görəcəyəm... Daha telefonla danışmayacağam...
-Narahat olma, o gün gələcəyəm deyirəmsə, gələcəyəm. Siz də özünüzü qoruyun. Çölə çıxmayın, hava buralarda da soyuqdur, özünüzü soyuqdan qoruyun, Allah hamınızı qorusun. Amma, Vətən odu bizi qızındırır. Əsgərlərlə bəzən zarafatlaşırıq, gülürük... Bəzən də, Şəhidləri yada salırıq, kövrəlirik, deyək ki gözümüzün biri ağlayır biri gülür... – Ürəyindən keçirirdi ki, bəlkə, özü də Şəhid olacaq, ancaq, ailəsi bunu mümkünsüz sayırdı. Bilirdilər ki, mütləq o gələcək, başqa cür olmasının ehtimalı yoxdur, onların nəzərində uluların duaları qoruduğu kimi yenə də qoruyacaqdı Vasifi...
-Allah Şəhidlərə Rəhmət Eləsin, oğul! Sənə də can sağlığı versin! O gün olsun daha çox Zəfər qazanasan! Zəfər Sənə yaraşır!..
Vasif həmin gün başqa duyğularla danışırdı. Elə bil, yanında Xudayar şəhidliyindən sonra məlum olan öz məşhur, füsunkar, ürəkləri fəth edən,bir az da dağlayan, dillərdə əzbər olan təsnifini oxuyurdu. Elə bil, yanında Babək Səmidli Xudayarı müşayiət edirdi... Demək ağırdır, yaşamaq ondan da ağır... Elə bil, hamısı Vasifi öz yanlarına çağırırdı... Deyirdilər ki, Sən də bizə qoşulmaq üçün  bir azdan Allahın dərgahına gələcəksən, bizimlə birlikdə azad etdiyimiz müqəddəs torpaqlarımızın səmasında uçacaqsan... Vasif ailəsini də düşünürdü. İstəməzdi ki, bir ana da ağlar qalsın. Bir atanın da beli bükülsün... Amma, onun həmişə, hər yerdə bir şüarı var idi: “Təki, Vətən sağ olsun!”
Bu şüarla yaşayan, bu şüarı yaşamaq səbəbi edən gizir Məhərrəmov Vasif Üzeyir oğlu 2021-ci ilin ilk günü uğrunda döyüşdüyü, oradakı şücaətinə görə təltif olunduğu Qubadlı rayonunda minaya düşərək Şəhadət şərbətini dadan Şəhidlərimizdən biri oldu və ruhu həsrətində olduğu, azad etdikləri vətən torpağının səmalarında sevinclə pərvazlanan, onu öz qatarlarında görmək arzulunda olan ruhlara qarışaraq xoşbəxtliklə pərvaz etdi...
O vaxt bir ailə nə qədər qürur duysa da, daxildə  qəm yasına boğuldu... Bir ana da ağladı... Bir atanın da qəddi əyildi, bir gəlin də xınasını göz yaşıyla suladı, sildi... Vətən Müharibəsinə şahidlik edən hər kəs Vasifin şəhadətinə qürurqarışıq təəssüflənərək ağladılar,  Yeni İl şənliyinin keçirilməsinə də lüzum duymadılar.
Fələk öz oyununu bir daha oynadı... Hələ Təzə İlin ilk günü yenicə başlamışkən bir Ərənimiz də Şəhid oldu...
Mənə ən çox təsir edəni də Onun Şəhadətindən 3 gün əvvəl təltif edilməsidir... Bəlkə də, nə qədər ümidləri var idi... Ailəsi düşünürdü ki, O, tədbirlərdə, reportajlarda döyüşçü kimi dik duracaq və 3 medalı da birdən cingildəyəcək. Medalın əslində, önəmi yox idi, sadəcə, təqdir idi, lakin, arzular böyük idi.O, medallar üçün deyil, vətən üçün getmişdi.  Bəlkə də, anası düşünürdü ki, Vasif baba olanda nəvələrinə üç medalını da döşünə taxıb böyük fəxrlə Vətən Müharibəsindən danışacaqdı... Qismət... Fələyin oyunu...
2021-ci ilin ilk günü Şəhid xəbərinə oyandıq... Ürəyimizdəki bütün şam ağacları Şəhid atəşi, odu ilə yandı, yanıb kül oldu... Yəqin, qismət belə imiş deyə bilmirəm... Bu, razılaşması namümkün olan bir acı həqiqət idi...
Şəhadəti ilə hamımızın ürəyini parçalasa da, şəhid gizir Vasif Məhərrəmov bizim qürurumuzdur və həmişə də olacaq! O, öz dastanını özü danışa bilməsə də, biz onun böyük qəhrəmanlıq dastanını illər uzunu yazacaq, yayacaq və nəsillərdən-nəsillərə yadigar edəcəyik!
Allah Bütün Şəhidlərimizə Rəhmət Etsin! Amin!
 
SEVİNDİK NƏSİBOĞLU
15 Yanvar 2021 Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb
15 Yanvar 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Zülfüqar Abbasovun atası ilə görüşüb
15 Yanvar 2021 “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
15 Yanvar 2021 Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq
15 Yanvar 2021 “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - İlham Əliyev
15 Yanvar 2021 Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb
15 Yanvar 2021 Rusiya Qazaxıtsandan pomidor idxalını yasaqladı
15 Yanvar 2021 Nazir elan etdi: Böyük Qayıdış başlayır
14 Yanvar 2021 Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
14 Yanvar 2021 Zakir Həsənov İran səfiri ilə görüşdü
14 Yanvar 2021 Vüqar Səfərlinin neçə il həbs gözləyir? - Hüquqşünas
13 Yanvar 2021 Qənirə Paşayeva Vətən Müharibəsinin Tovuz rayonundan olan bir qrup qazisi ilə görüşüb
13 Yanvar 2021 Sevindik Nəsiboğlu yazır: “Qəhrəmana elegiya”-Şəhid gizir Vasif Məhərrəmova həsr olunur.
13 Yanvar 2021 Mübariz Mənsimovla bağlı son xəbər: proses başladı
13 Yanvar 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Nurlan Sultanovun ailəsi ilə görüşüb
13 Yanvar 2021 Bakı İrəvandan bunu tələb edəcək - Kuznetsov
12 Yanvar 2021 Medianın İnkişafı Agentliyinin - Nizamnaməsi
12 Yanvar 2021 Bu maliyyə nəhəngləri Trampdan imtina etdi
12 Yanvar 2021 Qənirə PAŞAYEVA: Məğlubun sözü keçmir
12 Yanvar 2021 Azərbaycan-İran hökumətlərarası komissiyası toplanır
12 Yanvar 2021 Tramp Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edib
10 Yanvar 2021 Azərbaycan əleyhinə çıxışlar edən erməni siyasətçi Almaniyadan qovulur
10 Yanvar 2021 Vidadi Muradov bu qədər pulu mənimsəyibmiş
09 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova qəhrəman şəhidimiz Ziya Gözəlovun atası ilə görüşüblər
09 Yanvar 2021 Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru və digərlərinin cinayət işi məhkəməyə göndərilib
09 Yanvar 2021 ÜST: Koronanın yeni növü sürətlə yayılır
08 Yanvar 2021 Vitse-spiker: “Şəhid ailələri və qaziləri diqqət və qayğı ilə əhatə olunmalıdır”
08 Yanvar 2021 Türkiyə ölkəmizdə hərbi bazalar quracaq? - MN-dən cavab
08 Yanvar 2021 Prezidentin çıxışından sonra köçkünlər üçün tikilən 4700 ev şəhid ailələrinə ayrıldı
08 Yanvar 2021 Qazimiz “YAŞAT” Fonduna rəhbər TƏYİN EDİLDİ

Xəbər lenti