.

Vüsalə Qələndərli
Yazı “Nar” və TƏBİB-in birlikdə keçirdikləri "Günün Qəhrəmanları" müsabiqəsi çərçivəsində hazırlanıb


***
Müəllim andı... (Hekayə)

Qış fəsli olsa da, hava o hava deyildi, istisiylə soyuğunun  bir-birinin yerini almaq mübarizəsi gedirdi sanki, günəş öz şüalarını saçmaq istərkən, göy üzündəki qara buludlar da harasa tələsirdi elə bil. Hərdən göy gurultusunun səsindən pəncərələr şaqqıldayırdı.Sanki qarşıda bizi nələrinsə gözlədiyinin səs-küyü idi. Pəncərələri açdım, bu çaşqın havanı içimə çəkib, axşamdan bəri yuxularımda belə dinclik verməyən, dəlisi olduğum peşəmin mənə bəxş etdiyi sevgi dolu yorğunluğumla baş-başa qalıb pürrəngi çay içməyi düşünürəm. Bu vaxt saata baxmağı necə unutmuşamsa qonşu uşaqların məktəbli formasında səs-küylərinə diksinirəm, özümü təlaşla qızımın otağına salıram:

-Oyan mələyim, dərsə gecikirsən.

Bir əlim uşaqlara süfrə açır, bir əlim isə həmişəki kimi komputerimi işə salır ki, xəbər lentini təzələsin. Gecəyarısına kimi xəbər redaktə edib gözləri qan çanağına dönmüş bir redaktorun sabah ağlına gələn ilk şey təbii ki, xəbərləri yeniləmək olmalıydı.

-Ana hərarətim var, dərsə gedə bilməyəcəm!

Təlaşla əlimi alnına qoyuram, yanır uşaq, belə dərsə gedəmməz, tez dərman verim özünə gəlsin- deyib bütün işlərimi sonraya saxlayıram. Köhnə vərdişimi əlimə alıb həyəcanla həkimiylə məsləhətləşir, müayinə üçün vaxt təyin edirik. Daha sonra müəlliməsinə zəng edirəm ki , dərsə gedə bilməyəcəyini bilsin.

“Təki qızım yaxşı olsun, nə bəladırsa sinifdə uşaqların çoxu xəstədi cəmi 15nəfər var “-deyə müəllimə cavab verir

Uşaq özünə gələndən sonra işləmək üçün komputer masasının arxasına keçirəm.

Yenə narahat halda dünyada baş verənləri izləyirəm.  Heç ürək açan xəbər yoxdu. Karonavirus  adlı bir xəstəliyin dünyada törətdiyi faciələrdən yazır mətbuat. Ölkə xəbərlərinə keçirəm.

*“COVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, bir çox ölkə və ərazidə yayılıb”

*“Fevralın 28-də ölkəmizdə COVİD-19 -un ilk müsbət halı təsdiqləndi”... 

Günlər keçir... Uşaq yaxşılanır, dərsə gedə bilər deyə müəllimiylə əlaqə saxlayıram. Bir müəllimin şagirdi üçün necə darıxdığının  ilk dəfə şahidi oluram. Və şükr qovuşdurana müəllim öz şagirdinə, qızımsa ikinci evi olan məktəbinə qovuşur. Hardan biləydik ki, uzunmüddətli ayrılıq hələ qarşıda imiş...


***

Yenə iş başındayam, xəbər yeniləyirəm.  Manşetlərin mövzusu Koronavirusdur.

Məktəblərdə  xəstəliyin sayı artır, hamı bunun mövsümi xəstəlik olduğunu düşünür, valideynlər, hətta müəllimlər tətil tələb edirlər.

Nəhayət 2 mart tarixində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Martın 12-də bir gün əvvəl COVID-19 diaqnozu qoyulmuş qadın öldü.Bu Azərbaycanda koronavirusdan ilk ölüm halı idi.

Beləcə başladı bizim hekayələrimiz, darıxmaqlarımız, yeni bir həyat rejiminə alışmağa məcburluğumuz…

“Evdə Qal” təşəbbüsü ilə hamı evdə qalmağa səslənir, artıq nə küçədəki ayaq səslərini eşidə bilirsən, nə məktəb həyətindəki şagirdlərin səs-küyünü, indi küçələrin səssizliyi evlərdəki üsyanla, uşaqlarımızın mən məktəbimi istəyirəm kimi fəryadlarıyla əvəzlənir.

***

Bizim evdə də qanıqaraçılıqdır, həyatımdan çox sevdiyim övladlarımın məktəb sevgisi onları evə bağlaya bilmir. Bir tərəfdə məktəb bağlı. Digər tərəfdə xəstəxanlar dolub- daşır, xəstələr  nəfəs ala bilmir, həkimlərin həyatı təhlükədə, polislər, jurnalistlər, market işçiləri çətin vəziyyətdə, çünki hər gün yüzlərlə insanla təmasda olur, kimin virus daşıdığı bilinmir...

Tezliklə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və həmin Qərargahın üzvləri hər gün mətbuat vasitəsi ilə ictimaiyyəti məlumatlandırırlar.“Əhalinin sağlamlığı hər şeydən üstündür”- devizi ilə Prezident çox ciddi qərarlar qəbul edir çağırışlar edir...

Bu vəziyyətdə əziyyət çəkən hamı olsa da, uşaqlar daha çox darıxır. İndi onlara daha çox dəstək lazımdı. Bu dəstəyi isə ən yaxşı müəllimlər göstərə bilərdi, çünki hər bir məktəblinin ən gözəl qəhrəmanı, idealı onun müəllimidir...

***

Həyatımız, planlarımız dəyişdi...

Ölkəmizdə və eləcə də bütün dünyada baş verən koronavirus pandemiyası  ilə əlaqədar karantin dövrünü yaşayırıq. Buna baxmayaraq, müəllimlər müxtəlif proqramlar vasitəsi ilə şagirdlərə dərs keçirlər. Bizim evin şahzadəsi də artıq çox darıxmır. Çünki, onun dünyalar qədər sevdiyi savadlı, məsuliyyətli müəlliməsi var. Bəzən sərt təbiətli, bəzən uşaq kimi kövrək, hər bir şagirdinə eyni çəkidə sevgi paylayan pedaqoq, valideynlərin və məktəb kollektivinin sevimlisi Leyla Əliyeva.


Etiraf edim ki, karantin günləri başlayandan müəllimlərin daha çox fəaliyyətinin şahidi oluram. İndi əvvəlkindən çox məsuliyyətli, daha çox narahat simalar, həyəcanlı səslər eşidirdim online dərslər zamanı. 

Leyla müəllimə onsuz da hər zaman yelilikçi olub, bu ərəfələr onun daha çox çalışdığının bir daha şahidi şahidi olduq. Əvvəl vatsapla, daha sonra ZOOM proqramı, Paddlet  və nəhayət Virtual məktəbə qoşularaq şagirdlərinə dərs keçməyə başladı


Bəli bu günlər işlərimiz çətindi, amma dərslərin bu cür effektli keçirilməsi məni sakitləşdirir nisbətən. Axı təhsil millətin gələcəyidir, aylarla təhsilsiz qalmaq olmazdı. Və Leyla müəllimə kimi məsuliyyətli müəllimlərin varlığını görmək gözəl idi. Demək biz xəstəliklə müharibədə belə əsgər müəllimlərimizi də gördük.

***
Günün sonunda yükləyəcəyim son xəbər yarama köz basır: Covid-19 –dan ilk həkim ölümünü gözümdən axan yaş damcısının klaviaturamı islatması ilə dərc edirəm. Biz bir həkimimizi itirdik. Sonra başqa həkimi, sonra başqasını... Gənc jurnalist dostlarımızı, polislərimizi... Biz xilaskarlarımızı itirdik... Həkimlər isə öz növbəsində dayanmadan əhaliyə çağırışlar edir, özünüz üçün, bizim üçün evdə qalın deyirlər. Bu çağırışı müəllimlər də edirdi, hər dəfə dərsə başlamadan öncə...

***

Qızımın  məktəb həsrətli baxışlarındakı  hayqırtını sezməyin  ürək ağrısı da vardı bu günün sonunda. Lakin daha soyuqqanlı olmağa çalışıram...

Əlləri ilə gözünü ovuşdura –ovuşdura boynumu qucaqlayanda bildim ki yenə nəsə bir xahişi var. Bayaqdan  dilinə gətirməkdə çətinlik çəkdiyi kəlimələr muncuq kimi duzulur dodaqlarında;

-Ana dərs vaxtı deyil, gecdir bilirəm, amma müəlliməmi istəyirəm, onunla danışmaq istəyirəm, çox darıxmışam....

-Axı gecdir,  indi onun da istirahətə ehtiyacı var. Get yat, sabah danışarsız.

-Çox qısa danışacam ana, müəllimə yatmayıb, vatsapı açıqdır, xətdədir...

- Yaxşı,  yorma müəlliməni qısa olsun.

“Yaxşı ana”-deyib otağına keçir, asta səslə danışır idealı  ilə.  Bir neçə dəqiqədən sonra telefonumu mışıl-mışıl yatan gözəlimin əlindən alıb otağıma keçirəm.Vatsap statusumda maarifləndirici paylaşımlar edirəm, insanları daha diqqətli olmağa çağırır, xəstəliyə inanmayanlara dəlillər göstərirəm, həyatını itirən insanların süni nəfəs aparatında bir dəfə də nəfəs ala bilmək üçün çırpıntılarını göstərirəm, bu gecə bir-iki insanda xəstəliyə inam yarada bildiyimə, TƏBİB-in göstərdiyi tələblərə əməl etməyə çağırışıma müsbət cavab ala bildiyimə şükr edirəm.

Və budur, mənim məktəb sevdalım müəlliməsiylə yazışıb: Sizi görmək istəyirəm, darıxmışam . Bu axşam yuxuma gəlin, sizi qucaqlayım nə olar...”

Donub qalmışam, qızımın arzusuna bax... mən acizəm, müəlliməsi acizdir….

Müəllimənin səs yazısını dinləyirəm, kövrəlmiş səsdə nələr vardı İlahi. Bir müəllimin darıxmaqları- hər gün şagirdlərinin gözlərinə baxaraq dərs keçmələrinin, bəzən şagirdləri ilə qucaqlaşmalarının darıxmaqlarını ürəyində gizlətdiyi göz yaşlarına boğulmuş səsiylə şagirdinə yalançı gülüş və təsəllisi vardı... Əsl pedaqoq kimi cavabında qızıma hiss elətmədiyi sızıltını da hiss elədim səsində. Bəli mənim belə evdə günlərdi apardığım söhbətlərlə  sakitləşdirməyə çalışdığım qızımı müəlliməsi bir vatsap danışığı ilə uzaq məsafədən sakitləşdirmişdi. Həm də gecənin bu vaxtı, onu yatmağa qoymayan darıxmaqlarına müəlliməsi vaxt ayıraraq cavab vermişdi. Ümidverici  şirin sözləri müəllim laylası kimi yuxuya aparmışdı onu.

Bir təşəkkür cavabı da mən yazıram müəlliməsinə

-Müəllimə əvvəla üzrlü bilin gecənin bu vaxtı yuxusu qaçan qızım sizin də yuxunuzu qaçırtdı. Təsəlli vermək üçün hər şey edirəm, amma nə edə bilərəm ki,  müəllim təsəllisi daha çox rahatladır.

- Şagirdlərim üçün mən də çox darıxmışam, İnşallah bu bəla tezliklə bitsin, biz də arzuladığımız kimi dərsimizi keçək. Amma o vaxta qədər imkan vermərəm bir şagirdim də dərslərindən geri qala. Həkimlərimiz, əsgərlərimiz, polislərimiz xidmətə başlayarkən and içdikləri kimi mən də ilk gündən vicdanımla baş-başa qalıb müəllim adını və şərəfini uca tutacağıma and içmişəm...


Müəllimə sabahkı planlarından, yeniliklərindən o qədər maraqla danışır ki, belə müəllimlərimizin varlığına şükr etməmək olmur. O həqiqətən də Günün Qəhrəmanıydı mənim üçün. Çünki əsgər səngərdə döyüşüb yuxusuz qaldığı kimi, Leyla müəllimə də yuxusuz qalıb sabah şagirdlərinə daha nələr öyrədə biləcəyini planlayır, heç bir şagirdinin dərsdən qalmaması üçün əlindən gələni edir.

***
Əslində, bu gün hamımız qəhrəman olmalıyıq. Uzaq məsafədən  dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimlər, bizi hər cür bəladan qorumağa çalışan polislər, marketlərdə çalışan əməkdaşlar, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistlər, könüllü yardım qrupu yaradan insanlar, ümumilikdə, pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəs qəhrəmandır. Amma bütün bu qəhrəmanları yetişdirən, bütün bu qəhrəmanların evdə məktəb deyə darıxan övladlarına onlayn dərs keçən müəllimlər də qəhrəmanlardı.

Günün qəhrəmanı ilə yazışaraq yorğun gözlərimi  yumuram... ayılıram ki, müəllimənin son sualını istəmədən cavabsız qoymuşam:

“ Məktəblər sentyabrın15-də açıla bilər deyirlər düzdürmü?”

Gecikmiş cavabım  Operativ qərargahdan verilən cavabla verilir:” Qarşıdakı epidemik göstəricilərdən asılı olaraq məktəblərdə tədrisin başlanması məsələsinə baxılacaq!”.

 #GününQəhrəmanları #Nar #TƏBİB

 

Xəbər lenti